İlqar Orucov: “Bəzi alimlər də bu işin içindədir”
Sosial şəbəkələrdə “1 günə dissertasiya”, “plagiatsız elmi iş”, “praktik hissə daxil” kimi elanların sürətlə yayılması ciddi narahatlıq doğurur.
Musavat.com xəbər verir ki, xüsusilə “Facebook” və digər platformalarda açıq şəkildə yayılan bu cür reklamlar cəmiyyətdə birmənalı qarşılanmayıb.
Dissertasiya işi yalnız diplom və ya elmi ad əldə etmək üçün hazırlanmış formal sənəd deyil. Bu, uzunmüddətli araşdırma, elmi təhlil, intellektual zəhmət və fərdi düşüncənin məhsulu sayılır. Buna görə də hazır elmi işlərin satılması və ya sifarişlə yazılması akademik etikaya zidd olmaqla yanaşı, elmin nüfuzuna da ciddi zərbə vurur.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı xeberde.az-a fikrini bölüşüb: “Bu, ümumilikdə akademik etikanın pozulması və eyni zamanda tərkibində kifayət qədər cinayət məsuliyyəti yarada biləcək bir hal kimi bunu dəyərləndirirəm. Hesab edirəm ki, bu istiqamətdə mübarizə gücləndirilməlidir. Ümumilikdə akademik etikanın qorunması və plagiat hallarına qarşı Azərbaycan qanunvericiliyində cəza mexanizmləri daha sərt olmalıdır. Mən də sosial şəbəkələrdə bu kimi elanlarla rastlaşmışam. Əslində rəqəmsallaşmanın və sosial medianın gətirdiyi üstünlüklərlə yanaşı, bu kimi xoşagəlməz və şəxsi maraqlara əsaslanan pozuntulara da yol açıldığı görünür.
Hesab edirəm ki, müdafiə şuraları, dissertasiya şuraları daha da gücləndirilməli və nəzarət sərtləşdirilməlidir. Burada elmi rəhbərlərin də üzərinə böyük məsuliyyət düşür. Açıq deyim ki, bu istiqamətdə həm Elm və Təhsil Nazirliyinin, həm də Azərbaycan Milli Elmlər Akademiyasının, universitetlərin, elmi-tədqiqat müəssisələrinin və elmi mərkəzlərin öz işlərini daha ciddi formada təşkil etmələrinə ehtiyac var.
Son vaxtlar Elm və Təhsil Nazirliyi tərəfindən ən nüfuzlu jurnallarda çap olunan məqalələrə görə müəyyən ödənişlər verilir. Səmimi deyim ki, bəzən görürsən, bir məqalənin giriş hissəsini belə yaza bilməyən insanların “məqalələri” dünyanın ən nüfuzlu jurnallarında çap olunur. Halbuki həmin tədqiqatları ölkəmizdə aparmaq üçün nə maddi-texniki baza var, nə laboratoriya şəbəkəsi. Amma müxtəlif yollarla həmin məqalələrə adlarını yazdırırlar.
Bu kimi hallar kifayət qədər geniş yayılıb. Digər tərəfdən, artıq təkcə məqalə deyil, dissertasiya yazılması ilə bağlı da açıq şəkildə təkliflər verilir. Halbuki dissertasiya əqli mülkiyyət məhsuludur, şəxsin intellektual əməyinin nəticəsidir.
Dissertasiyalar kifayət qədər ciddi mərhələlərdən keçir. Ali Attestasiya Komissiyası son illərdə bu istiqamətdə işini müəyyən qədər sərtləşdirib və hər il bir çox dissertasiya işinə imtina verildiyini görürük. Amma buna baxmayaraq, elmi etikaya sığmayan fəaliyyətlə məşğul olan şəxslər yenə də var. Mən özüm də belə reklamlarla rastlaşmışam. Burada əsas sual yaranır: əgər bu tədqiqat aparılmırsa, məqalə və ya dissertasiya hazır şəkildə təqdim olunursa, həmin şəxslər bütün filtrlərdən necə keçir? Deməli, burada alimlərin də üzərinə böyük məsuliyyət düşür. Mən hesab edirəm ki, bu kimi hallarla mübarizə çox sərt olmalıdır və ciddi cəza mexanizmləri tətbiq edilməlidir. Çünki bu, təkcə etik problem deyil, eyni zamanda dələduzluq faktorudur”.
Fəlsəfə doktoru qeyd edib ki, süni intellektin imkanları bu fəaliyyəti daha da asanlaşdırıb: “Bu yaxınlarda süni intellektlə bağlı kitab təqdimatımız oldu və orada süni intellektin etik tərəfləri geniş müzakirə edildi. Hesab edirəm ki, ölkəmizdə rəqəmsallaşmaya və süni intellektə yüksək səviyyədə önəm verilməsi müsbət haldır. Amma onun yaratdığı bu kimi mənfi hallarla mübarizə də xüsusi önəm daşımalıdır.
Bu, kiminsə elmi işini ələ keçirmək və ya saxta elmi iş təqdim etmək məsələsidir. Eyni zamanda elmi mühitin zədələnməsidir. Mən hesab edirəm ki, həmin şəxslərlə bağlı çox ciddi tədbirlər görülməli, ümumilikdə mübarizə mexanizmləri və ekosistem düzgün formalaşdırılmalıdır”.
Mütəxəssisə görə, qanuni cəzalardan əlavə, belə şəxslərlə bağlı elmi fəaliyyətə məhdudiyyətlər tətbiq olunmalı, xüsusi “qara siyahı” mexanizmi yaradılmalıdır: “Eyni zamanda ölkədə vahid antiplagiat sistemi mükəmməl şəkildə qurulmalıdır. Təəssüf ki, bir məqalənin girişini belə yaza bilməyən insanların nüfuzlu jurnallarda məqalələri çap olunur. Magistr dissertasiyası yaza bilməyən şəxslərin doktorluq dissertasiyası müdafiə etdiyini görürük. Bu necə mümkündür?
Şəxsi təcrübəmdən deyim ki, oğlum dünyanın ən yaxşı universitetlərindən biri olan Berlin Texnik Universitetində magistratura təhsili alır. Orada tələbələr müəyyən müddət ərzində internetdən uzaq mühitdə yalnız öz düşüncələri əsasında elmi layihələr hazırlayırlar. Bu, çox düzgün yanaşmadır və hesab edirəm ki, bizim universitetlərdə də tətbiq oluna bilər.
Təbii ki, alimlərin işlərinə istinad etmək başqa məsələdir, kopyalamaq və ya saxta iş təqdim etmək isə tamam başqa məsələdir. Bu problemlərlə bağlı geniş tənzimləmə mexanizmlərinin formalaşdırılmasına ehtiyac var. Biz hər zaman deyirik ki, magistratura tədqiqatın ilk mərhələsidir. Amma magistr dissertasiyalarının keyfiyyəti ortadadır. Əgər artıq fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını yazmaq bu qədər asanlaşıbsa, deməli, burada ciddi boşluqlar var və onlar aradan qaldırılmalıdır.
Bir daha qeyd edirəm ki, sosial şəbəkədə sadə paylaşımda belə ardıcıl fikir yaza bilməyən insanlar “elmi məqalə” müəllifi kimi təqdim olunurlar. Məntiqi təfəkkürü olmayan insan necə elmi məqalə yaza bilər?
Bu cür saxtakarlığa yol açanlar arasında təəssüf ki, bəzi alimlər və məsul şəxslər də var. Necə olur ki, bu qədər alimlərin qarşısında belə saxtakarlıq mümkün olur? Deməli, akademik nüfuz zədələnib və nəticədə ölkənin elm sahəsində nüfuzu ildən-ilə aşağı düşür.
Elmi məktəblər zəifləyir, sistem dağılır. Həqiqətən də bu məsələlər insanı narahat edir. Çünki bu, bütövlükdə ölkənin elmi nüfuzunun zədələnməsidir. Burada birbaşa cinayət tərkibi var və hesab edirəm ki, artıq hüquqi müstəvidə bu sahənin ciddi şəkildə təmizlənməsinin vaxtı çatıb”.




