ABŞ-nin “Amerika Milli Elmlər Akademiyasının materialları” elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin verdiyi açıqlamaya görə, Qaraçinar yaşayış məskəni (Azərbaycan Respublikası, Goranboy rayonu) 2019-2024-cü illərdə institutun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov və şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tərəfindən tədqiq edilib. Laborator analizlər Azərbaycan ərazisində eramızdan əvvəl III minillikdə yaşamış Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu barədə maraqlı məlumatları üzə çıxarıb.
Bu barədə xeberde.az-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, beynəlxalq tərkibli ekspedisiya məskəndəki İlk Tunc dövrünün Kür-Araz mədəniyyətinə aid təbəqəsindən (e.ə.2880-2600-cü illər) tapılmış keramika məmulatlarının 52 ədədini müxtəlif istiqamətli (texnoloji, morfoloji, trasoloji və biomolekulyar) laborator analizlərinə cəlb edib. Məskənin ilk Tunc dövrü təbəqəsində aşkar edilən botanika və fauna materiallarının birgə analizi ilə məlum olub ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının qida rasionu müxtəlif çeşidli tərkib hissələrindən ibarət olub. Qidanın mühüm əsasını gövşəyən ev heyvanlarının südündən hazırlanan ağartı (süd məhsulları), iri və xırdabuynuzlu heyvanların piyi, meyvələr və üzüm əsasında hazırlanan müxtəlif içkilər təşkil edib. Həmçinin təamların hazırlanmasında bitki mənşəli yağ və mumlardan, iynəyarpaqlı ağacların qətranlarından istifadə edilib. Həm qidanı saxlamaq və həm də bişirmək üçün nəzərdə tutulan qabların divarlarında üzüm və digər meyvələrin molekulyar qalıqlarının aşkar edilməsi kulinariyanın müxtəlif çeşidli istiqamətlərini göstərməkdədir. Qədim aşpazlar bu qatqılarla təamlara dad vermək məqsədini güdürdülər. Digər tərəfdən, fermentasiya olunmuş meyvə təbiətli qatqılar mümkündür ki, pendir istehsalı da daxil olmaqla müxtəlif ərzaqların hazırlanması üçün biokimyəvi proseslərdə katalizator rolunu oynayıb. İynəyarpaqlı ağacların (məsələn, Pinaceae) qətranları təam və içkilərin konservantları (qoruyucuları) və aromatizatorları kimi istifadə olunub.
F.Quliyevə görə, tədqiqatın digər maraqlı nəticəsi Kür-Araz mədəniyyəti daşıyıcılarının darıdan hazırladığı qida və içkilərdir. Belə ki, arxeoloji tədqiqatlar həmin dövrdə darının artıq mədəni növlərinin Mərkəzi Asiyada becərildiyini göstərir. İlk dəfədir ki, İlk Tunc dövrü üçün becərilən darı Mərkəzi Asiyadan qərbə doğru məsafəcə uzaqda – Azərbaycandakı Qaraçinar məskənində aşkar edilib. Bu isə həmin dövrdə hər iki region – Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqədən xəbər verir ki, göstərilən mövzu hələlik elm tərəfindən tam araşdırılmayıb. Tədqiqatlar ilk dəfə keramika məmulatı tiplərinin funksional fərqini də göstərir: monoxrom qablar əsasən təamın hazırlanması, qırmızı-qara rəngli cilalı qablar isə emal edilməmiş xam süd məhsullarının, meyvə və üzüm əsasında içkilərin, o cümlədən şərabların saxlanılması üçün istifadə olunub.
“Xüsusi bir məqamı qeyd etmək istərdim ki, Kür-Araz mədəniyyəti daşıyıcılarının cəmiyyəti güclü sinfi bölgüyə malik deyildi. Aparılan tədqiqatlar göstərir ki, bitkilərdən hazırlanmış içkilər və xüsusi dad qatqılarına malik təamlar həmdövr Mesopotamiya cəmiyyətlərində əsasən elitar təbəqə (zadəganlar, kahinlər və d.) üçün hazırlanırdı. Amma tədqiqatı aparmış alimlər qrupu olaraq, bizim fikrimizcə, Qaraçinar materialı Kür-Araz mədəniyyətində zəngin qida və məstedici içkilərin bütün cəmiyyət üzvlərinə əlçatan olduğunu göstərir”, – deyə alim bildirib.
O qeyd edib ki, qədim insan populyasiyalarının qidasının tərkibinin tədqiqi müasir dünya elminin əsas mövzularından biridir. Bu mövzu üzrə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən beynəlxalq elm mərkəzləri ilə yanaşı, Azərbaycandakı UNEC Tədqiqat Fondu ilə elmi əməkdaşlıq aparılacaq.



