Türkiyənin yüksək dağlıq və yaylaq ərazilərində təbii şəkildə yetişən “yayla bananı” yenidən bazarlarda görünməyə başlayıb. Təbiətdə pulsuz toplansa da, nadir tapıldığı və yığılması çətin olduğu üçün məhsulun qiyməti bəzi yerlərdə kiloqramına görə 200 lirəyə (təxminən 7-8 manat) qədər yüksəlib.
xeberde.az xəbər verir ki, “yayla bananı” adlandırılan bu meyvə əsasən meşəlik və sərin dağlıq ərazilərdə yetişir. Kiçik ölçüsü və bananı xatırladan forması səbəbilə yerli əhali arasında bu adla tanınır.
Məhsulun yüksək qiymətə satılmasının əsas səbəbi onun kommersiya üsulu ilə deyil, tamamilə təbii şəraitdə yetişməsidir. Toplayan şəxslər meyvəni dağlıq və çətin keçilən ərazilərdən əl ilə yığır.
Mütəxəssislər bildirirlər ki, məhsulun qısa müddətdə xarab olması və az miqdarda tapılması da qiymətlərin artmasına təsir edir. Buna baxmayaraq, xüsusilə təbii və orqanik məhsullara maraq göstərən insanlar arasında böyük tələbat var.
“Yayla bananı”nın vitamin və antioksidant baxımından zəngin olduğu bildirilir. Yerli satıcıların sözlərinə görə, meyvə həm təzə şəkildə yeyilir, həm də mürəbbə və müxtəlif desertlərin hazırlanmasında istifadə olunur.
Bazarlarda məhsula marağın yüksək olduğu və bəzi bölgələrdə qısa müddətdə tükəndiyi qeyd edilir.




