Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib, iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb və yeni layihələrin təməli qoyulub. Dövlət başçısı səfərin yekunları ilə bağlı mətbuata bəyanatında Azərbaycan-Özbəkistan münasibətlərinin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişaf mərhələsində olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, hər səfərində ölkədə baş verən müsbət dəyişikliklərin, böyük layihələrin və iqtisadi inkişafın şahidi olur. Onun sözlərinə görə, bu inkişaf Prezident Şavkat Mirziyoyevin ölkənin potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin də yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması artıq uzaq hədəf kimi deyil, yaxın illərdə əldə edilə biləcək real nəticə kimi qiymətləndirilir. Dövlət başçısı qarşılıqlı investisiyaların və birgə layihələrin sayının artmasını münasibətlərin möhkəmlənməsinin mühüm göstəricisi kimi dəyərləndirib.
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsinin yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri böyük potensiala və bundan daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region kimi çıxış edir. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı regional inteqrasiyanın dərinləşdirilməsində xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə etdiyini qeyd edib. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal və bankçılıq sahələrində birgə layihələr həyata keçirilir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyətinin genişləndirilməsi, Azərbaycan bankının Özbəkistan bazarına daxil olması və neft-qaz layihələri üzrə əməkdaşlığın inkişaf etdirilməsi də münasibətlərin çoxşaxəli xarakterini göstərir.
Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiya layihələri də genişlənir. Avqustun 23-də Daşkənddə Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılışı və yeni layihələrin təməlqoyma mərasimləri keçirilib. Tədbirlər çərçivəsində “Davr Bank”, gips zavodu və STEAM məktəblərinin açılışı, həmçinin SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, gümüş tərkibli filizin emalı fabrikinin və meyvə bağlarının təməlqoyma mərasimləri keçirilib.
Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız iqtisadi maraqlara deyil, həm də möhkəm mənəvi və qardaşlıq təməlinə söykəndiyini vurğulayıb. Dövlət başçısı bu münasibətlərin iki xalqın tarixi və mədəni yaxınlığı ilə yanaşı, qarşılıqlı etimad və siyasi iradə üzərində qurulduğunu bildirib.
Azərbaycan Prezidenti Özbəkistanın Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirakını da xüsusi qeyd edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr sırasında göstərilib.
Daşkənddə keçirilən görüşlər zamanı Azərbaycan və Özbəkistan arasında çoxsaylı sənədlərin imzalanması da ikitərəfli əlaqələrin genişlənməsinin göstəricisi olub. Avqustun 23-də iki ölkə prezidentlərinin iştirakı ilə sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı təltif edilməsi də münasibətlərin yüksək səviyyəsini nümayiş etdirib. Prezident Şavkat Mirziyoyev İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib, Prezident İlham Əliyev isə Özbəkistan dövlət başçısını “Heydər Əliyev” ordeni ilə təltif edib.
Prezident İlham Əliyev səfərin sonunda Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dövlət başçısı əminliyini bildirib ki, iki ölkənin bundan sonra da birlikdə həyata keçirəcəyi layihələr Azərbaycan və Özbəkistanı, eləcə də iki qardaş xalqı daha da yaxınlaşdıracaq.
Daşkənddə keçirilən son görüşlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ənənəvi dostluq və qardaşlıq əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər iqtisadi, investisiya, enerji, nəqliyyat, sənaye, turizm və digər sahələri əhatə edən genişmiqyaslı strateji tərəfdaşlığa çevrilir.
Şahin Tağıyev
Novxanı bələdiyyəsinin sədri
Xeberde.az



