5 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə kənd təsərrüfatının inkişafı, regionlarda infrastruktur layihələrinin icrası, məşğulluğun artırılması və aqrar sahənin perspektivləri ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının başçısı çıxışında qeyd etmişdir ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilir və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev bildirmişdir ki, 2004-cü ildə ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı olmuşdur və kənd təsərrüfatının inkişafı da həmin proqramın əsas tərkib hissələrindən birini təşkil etmişdir.
2004-cü ilin əvvəlində qəbul edilən ilk beşillik regional inkişaf proqramı regionlarda mövcud problemlərin aradan qaldırılmasına, kəndlərin dirçəldilməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir. Sonrakı illərdə isə bu siyasətin davamı olaraq bir neçə regional inkişaf proqramı qəbul edilmiş və uğurla icra olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, həyata keçirilən proqramlar nəticəsində bütün regionlarda canlanma baş vermiş, məşğulluq səviyyəsi yüksəlmiş, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Bildirilmişdir ki, həmin dövrdə bölgələrdə qaz, elektrik və su təchizatı ilə bağlı ciddi problemlər mövcud idi, avtomobil yolları yararsız vəziyyətdə idi. Görülən tədbirlər nəticəsində isə regionların infrastrukturu əsaslı şəkildə yenilənmiş, kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin yaradılmışdır.
Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti bildirmişdir ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.
Sonda cənab Prezident hökumətə tapşırmışdır ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləsinlər. Vurğulanmışdır ki, əlbəttə, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.
Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru



