2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan bank sektorunda kredit və əmanət (depozit) portfellərinin maraqlı dinamikası müşahidə olunur. Ümumi mənzərə göstərir ki, kreditlərin həcmi artmaqda davam etsə də, artım tempi zəifləyib. Əmanətlərdə isə əksinə, artım tempi müəyyən dərəcədə yüksəlib.
Mərkəzi Bankının yanvar-fevral aylarına dair açıqladığı bülletendə qeyd olunur ki, bu ilin ilk iki ayında banklar kredit faizlərindən 714,8 milyon manat gəlir əldə ediblər. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artıb. Eyni zamanda, əhaliyə depozit faizləri üzrə 235 milyon manat ödənilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.

Bankların ötən ilin eyni dövrü ilə müqayisədə kredit faizləri üzrə gəlirləri 121,4 milyon manat artdığı halda, əmanətlər üzrə ödədiklərin faiz xərcləri cəmi 37,4 milyon manat artıb. Nəticədə bankların kreditlərdən əldə etdikləri gəlirlər əmanətlər üzrə əhaliyə ödədikləri məbləğdən təxminən 3 dəfə çox olub.
İqtisadçı Rəşad Həsənov mövcud göstəricilərin ortaya çıxmasını şərtləndirən müxtəlif faktorları nəzərdən keçirməkdə fayda olduğunu düşünür. Musavat.com-a şərhində iqtisadçı bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il əmanət faizlərində enmə müşahidə olunur: “Bu proses 2024-cü ilin sonlarında başladı, 2025-ci ilin birinci yarısında da yüksək faizlər qeydə alındı. Sistem əhəmiyyətli bankların yüksək faizlər təklif etməsi faiz xərclərini artıran əsas faktorlardan biri idi. Lakin bu il biz əmanət faizlərində qismən azalma müşahidə edirik. Bu da ümumi bankların faiz xərclərinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.
Eyni zamanda, kreditlərin strukturu məsələsi faiz gəlirlərinə təsir göstərən amillərdən biridir. Çünki kreditlərin strukturunda daşınmaz əmlak kreditlərinin həcminin aşağı düşməsi, digər istehlak kreditlərinin həcminin artması faiz gəlirlərinə təsir göstərə bilir. Statistik məlumatlara baxanda görürük ki, daşınmaz əmlak portfelinin həcmində azalma müşahidə olunur. Bu portfel daha az faiz gəliri formalaşdırır. Digər istehlak kreditlərində isə artımlar müşahidə olunur. Kapitalın formalaşması mənbələrinin də öz rolu var. Banklar xarici, eyni zamanda yerli mənbələrdən daha aşağı xərcli kapital cəlb etməklə bu istiqamətdəki xərcləri nisbətən optimallaşdıra bilirlər. Maliyyə Nazirliyi tərəfindən yerləşdirilən vəsaitlərin müəyyən təsirini də qeyd etmək lazımdır. Nazirlik vəsaitləri daha aşağı faizlərlə bazarda yerləşdirəndə təbii ki, ümumi vəsaitlərin cəlb edilməsinə sərf etdiyi xərclərdən qənaət edə bilir. Bu da bu istiqamətdəki xərc səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır”.

İqtisadçı vurğulayıb ki, kapitalın mənbəyi birmənalı şəkildə əmanət və depozitlərdən formalaşırsa və faizlərdə artım meylləri varsa, bu zaman pozitiv korrelyasiya formalaşması imkanı var: “Digər məsələ yığımlarla əlaqəlidir. Daha riskli kreditlərin verilməsi halında yığım faizləri daha yüksək olur. Son dövrlərdə Mərkəzi Bankın bu istiqamətdəki tədbirləri nəticəsində banklar tərəfindən daha az riskli kreditlərə meyllənmə müşahidə edirik. Bu da nəzərəçarpan fərqlərin yaranmasına gətirib çıxaran faktor kimi nəzərdən keçirilməlidir”.



