2020-ci ildə əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində böyük strateji əhəmiyyətə malik Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü, beləliklə qan tökülmədən suverenliyimizin bərpası sürətləndi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşəliyə malikdir.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində 2023-cü ildə 31 illik fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutub. Biz möhkəm inanırıq ki, Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.
Laçın Şəhər bayramı bir daha göstərir ki, erməni tör-töküntüləri nə qədər fitnə-fəsad törətsələr də, bizim qalib ruhumuzun qarşısında acizdirlər.
Münasib Həsənov,
Cəlilabad RİH-nin əməkdaşı




