Bakı Slavyan Universitetində (BSU) “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan oğlan tələbələr üçün nəzərdə tutulan təqaüd proqramından 2026/2027-ci tədris ilində 5 tələbə yararlanacaq.
Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Bakı Slavyan Universitetindən məlumat verilib.
Bildirilib ki, proqram çərçivəsində qeyd olunan ixtisaslar üzrə qəbul imtahanında 450 baldan yuxarı nəticə göstərən ilk 5 oğlan tələbəyə təqaüd veriləcək.
“Proqram çərçivəsində tələbələrə veriləcək təqaüdün məbləği hazırda müəyyənləşdirilmə mərhələsindədir. Məbləğlə bağlı yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.
Universitetdən verilən məlumata görə, təqaüdün tələbənin universitetdə təhsil aldığı müddət ərzində verilməsi nəzərdə tutulur. Bunun üçün tələbənin akademik borcu olmamalı və o, proqram üzrə müəyyən edilmiş digər şərtlərə cavab verməlidir.
“Gələcəkdə proqramın əhatə dairəsinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. Proqramın nəticələri, tələbələrin marağı və müəllimlik peşəsinə oğlanların cəlb olunması istiqamətində əldə edilən göstəricilər nəzərə alınaraq, digər müəllimlik ixtisaslarının da proqrama daxil edilməsi və iştirakçı sayının artırılması mümkündür.
Proqramın əsas məqsədi müəllimlik peşəsinin nüfuzunu artırmaq, bu sahəyə daha çox oğlan tələbə cəlb etmək və onları gələcək pedaqoji fəaliyyətə təşviq etməkdir”.




