2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi şərəfli gün kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır. Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi.
Rayon 1993-cü il aprelin 2-də erməni işğalçıları tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
Artıq Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsinin altıncı ildönümüdür. İkinci Qarabağ müharibəsinin ən yüksək zirvəsi olan Şuşa şəhərinin işğaldan azad olunması artıq Ermənistanda qorxu və ciddi narahatlıq yaratmışdı. Onlar anlayırdılar ki, Şuşa kimi alınmaz qalanı fəth edən Azərbaycan Ordusunun qarşısında bundan sonra heç bir qüvvə dayana bilməz. Ona görə də 2020-ci ilin noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatda öz əksini tapdı. Bəyanata əsasən, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kənan Səlimov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı,
Vətən müharibəsi iştirakçısı




