Cəmiyyət

Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri kimi yadda qalmışdır. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan olduqca mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyətlə üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin ilk illərində ölkədə hökm sürən qeyri-sabitlik, siyasi qarşıdurmalar, idarəçilikdəki böhran və Ermənistanın hərbi təcavüzü xalqın həyatında ciddi çətinliklər yaratmışdı. Belə bir şəraitdə cəmiyyət ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək, dövlətçiliyin qorunmasını və gələcək inkişafını təmin edəcək güclü siyasi liderə ehtiyac duyurdu.

Azərbaycanın ziyalıları, tanınmış ictimai-siyasi xadimləri və vətənpərvər insanları öz ümidlərini Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli rəhbərliyi ilə bağladılar. Onlar Ümummilli Liderə müraciət edərək ölkənin gələcəyinə görə məsuliyyəti üzərinə götürməsini və yeni siyasi qüvvənin formalaşmasına rəhbərlik etməsini xahiş etdilər. Tarixə “91-lər”in müraciəti kimi düşən bu çağırış xalqın dəyişiklik istəyini, Heydər Əliyevə olan inamını və Azərbaycanın gələcəyinə dair gözləntilərini ifadə edirdi.

Ulu Öndər Heydər Əliyev xalqın müraciətinə biganə qalmayaraq bu təşəbbüsə müsbət münasibət bildirdi. Bunun nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 500-dən artıq nümayəndənin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında tarixi qərar qəbul olundu və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, xalqın gələcəyə olan inamını da gücləndirdi.

Ulu Öndər Heydər Əliyevin yaratdığı və zəngin siyasi irsini bizə miras qoyduğu Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı isə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra baş tutan ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının sıraları ildən-ilə genişlənir, partiyaya qoşulan vətəndaşların, xüsusilə gənclərin sayı davamlı olaraq artır. Bu, həyata keçirilən siyasətə, partiyanın müəyyən etdiyi inkişaf strategiyasına və onun gələcək hədəflərinə göstərilən yüksək etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə, milli həmrəyliyin güclənməsinə və ölkəmizin inkişafına verdiyi töhfələrin artmasına xidmət edir.

Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir