Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 730 kv. km, əhalisi 45473 nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.
Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.
Zəngilanın faunası belədir: rayonun cənubunda oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır. Rayonun ərazisində iki iqlim tsikli qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq keçən yarımsəhra-çöl iqlimi təşkil edir.
Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.
Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay
Ərzidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.
Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır.
Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.
Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.
«Ağ Oyuğ»un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə yaxın keçmişdə adlandırıldığı kimi, həqiqətən qızıl Zəngilandır.
Zəngilan aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.
Vəliyeva Südabə
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru




