Cəmiyyət

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ölkənin regional və beynəlxalq enerji sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən, müxtəlif ölkələri bir-birinə bağlayan mühüm tərəfdaş kimi çıxış edir. Bu gün Azərbaycanın enerji layihələri Avropanın və region ölkələrinin təchizat mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. Avropa İttifaqı da Azərbaycanı enerji təchizatının şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi qiymətləndirir.
Azərbaycanın enerji sektorunda qazandığı mövqenin formalaşmasında uzunmüddətli və strateji layihələrin xüsusi əhəmiyyəti vardır. Xəzər dənizindəki yataqlardan hasil olunan təbii qazın beynəlxalq bazarlara çıxarılması üçün yaradılan infrastruktur Azərbaycanın enerji siyasətinin mühüm istiqamətinə çevrilib. Bu baxımdan Cənub Qaz Dəhlizi xüsusi qeyd edilməlidir. Təxminən 3500 kilometr uzunluğunda olan bu sistem Azərbaycan qazını Xəzər dənizindən Avropa bazarlarına çatdırır və Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi əsas infrastrukturları birləşdirir. Cənub Qaz Dəhlizi 2020-ci ilin dekabrında fəaliyyətə başlayıb.
Bu layihənin əhəmiyyəti yalnız Azərbaycan qazının ixracı ilə məhdudlaşmır. Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının müxtəlif mənbələr hesabına şaxələndirilməsinə xidmət edən mühüm infrastrukturlardan biridir. Avropa Komissiyasının məlumatına görə, Azərbaycandan Avropa İttifaqına Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü 2021-2024-cü illərdə 40 faizdən çox artıb. 2025-ci ildə SOCAR 14 ölkəyə qaz tədarük edib və 2026-cı ilin yanvarından Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına başlanılıb.
Azərbaycanın enerji sahəsində tərəfdaşlıq coğrafiyasının genişlənməsi ölkənin beynəlxalq enerji bazarlarında etibarlı mövqeyini göstərən amillərdən biridir. Azərbaycan qazının Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya, Sloveniya və digər ölkələrə çatdırılması müxtəlif dövlətlərin enerji sistemlərinin Azərbaycanla daha sıx əlaqələnməsinə imkan yaradıb. Bu proses Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə yanaşı, ölkənin tranzit və enerji infrastrukturu baxımından strateji əhəmiyyətini də artırır.
Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının mühüm hüquqi-siyasi əsaslarından biri 18 iyul 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumudur. Sənəd çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına tədarükünün artırılması, enerji səmərəliliyinin yüksəldilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, metan emissiyalarının azaldılması və regional enerji bağlantılarının gücləndirilməsi kimi istiqamətlər müəyyənləşdirilib.
Bu əməkdaşlıq Azərbaycanın enerji siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Əgər əvvəlki dövrlərdə ölkənin enerji potensialı əsasən neft və qaz ehtiyatlarının işlənməsi və ixracı ilə əlaqələndirilirdisə, hazırda gündəlikdə daha geniş enerji gündəliyi dayanır. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji istehsalını, elektrik enerjisinin ixracını və regional enerji bağlantılarının yaradılmasını da prioritet istiqamətlərdən birinə çevirir.

Əliyeva Afət
Saatlı Dövlət Rəsm Qalereyasının baş fond mühafizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir