Çexiya Baş nazirinin Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.
Fərəhlidir ki, Çexiyanın Baş naziri Azərbaycanı ən dinamik ölkələrdən biri kimi qiymətləndirib. Andrey Babiş deyib ki, Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu üçün Qəbələdə olmaqdan böyük şərəf hissi duyur.
Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan edib ki, ümumiyyətlə, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmçinin bildirib ki, biz Azərbaycanda böyük potensialı olan bərpa olunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir. Əminik ki, bu hədəfə də uğurla çatacağıq.
Ələkbər Dövlətov,
Lənkəran Regional Qaz İstismar İdarəsi idarə
rəisinin müavini




