“Fərəhlidir bu eldə qış,
Baharda gur yağan yağış…”
Mirvarid Dilbazinin bu misralarında yağış bərəkət, həyat və sevinc rəmzidir. Amma Bakının Pirşağı qəsəbəsində, ölməz şairənin adını daşıyan küçədə yağış fərəh yox, fəlakət gətirir. Bir az yağış yağan kimi Mirvarid Dilbazi küçəsi yaşayış məntəqəsi olmaqdan çıxır – yol yoxa çıxır, əvəzində palçıq, çala və təhlükə yaranır. Paytaxt Bakının bir qəsəbəsində insanlar XXI əsrdə palçıq içində yaşamağa məcbur edilir. Bu, artıq təkcə yol problemi deyil, biganəliyin, məsuliyyətsizliyin və sosial ədalətsizliyin açıq mənzərəsidir. Yağış yağdısa, bu küçə yaşayış məntəqəsindən çox gölü xatırladır. Yol yox, sanki palçıq gölüdür. Addım atmaq mümkün deyil, maşınla keçmək isə ayrı bir əzaba çevrilir. Küçənin müxtəlif hissələrində dərin çalalar əmələ gəlib, bu çalalar yağış suları ilə dolaraq təhlükəli gölməçələrə çevrilib. Sakinlər deyir ki, illərdir bu vəziyyət dəyişmir. Hər yağışdan sonra eyni mənzərədir. Yollarda gölməçələr yaranır, uşaqlar məktəbə, böyüklər işə getməkdə çətinlik çəkir. Taksilər əraziyə gəlməkdən imtina edir, avtomobillər sıradan çıxır. Mirvarid Dibazi küçəsi yaşlılar və uşaqlar üçün real təhlükə mənbəyidir.
“Bu küçədə nə asfalt var, nə də normal çınqıl örtüyü. Bir az yağış yağan kimi yol tamamilə yararsız hala düşür. Uşağı məktəbə göndərmək mümkün deyil, xəstə olsa təcili yardım belə çətinliklə gəlir”, – deyə sakinlər bildirir.
Fotolardan da açıq-aydın görünür ki, yolun ortası dərin izlərlə yarılıb, avtomobillərin təkərləri palçığa batıb, su ilə dolmuş çalalar isə real təhlükə mənbəyinə çevrilib. Burada nə yağış sularının axıdılması üçün sistem, nə də elementar yol infrastrukturu var. Bu küçə palçıq, çala və gölməçələrin əsirinə çevrilib.
Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir davam edir və heç bir qurum real addım atmır: “Bir az yağış yağan kimi küçə keçilməz olur. Uşağı məktəbə göndərə bilmirik, ayaqqabı palçığa batıb qalır. Maşın girəndə isə ya batır, ya da altı sıradan çıxır”.
Başqa bir sakin deyir ki, təcili vəziyyətlərdə vəziyyət daha təhlükəli olur: “Xəstə olanda təcili yardım gələnə qədər min əziyyət çəkir. Maşın çalalara düşməmək üçün ziqzaqla hərəkət edir. Bu, normal həyat deyil”.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın bu hissəsini niyə görmür? Bu yol üçün ayrılan vəsait olubmu, olubsa, hara xərclənib?
Sakinlər bildirir ki, müxtəlif qurumlara dəfələrlə şikayət ediblər, lakin nəticə yoxdur:
“Hamı bir-birinin üzərinə atır. İcra deyir bələdiyyəlikdir, bələdiyyə deyir icranın işidir. Biz isə palçığın içində qalırıq”.
Bu küçədə yağış sadəcə su deyil, insanların səbrini, ümidini və dözümünü yuyub aparan fəlakətdir. Mirvarid Dilbazi küçəsində hər yağışdan sonra yalnız palçıq yox, insanların əsəbi, qorxusu və ümidsizliyi də artır. Burada uşaqlar məktəbə palçıq içində gedir, yaşlılar yıxılmaq qorxusu ilə evdən çıxmağa çəkinir, xəstə insan üçün isə bu yol bəzən həyatla ölüm arasındakı məsafəyə çevrilir.
Bu palçıqda təkcə ayaqqabılar batmır – insan ləyaqəti batır, paytaxt adına olan etibar batır. Şairənin adını daşıyan küçənin bu halda olması sadəcə laqeydlik deyil, açıq hörmətsizlikdir. Bir gün bu çalaların birində bir uşaq yıxılsa, bir xəstə təcili yardıma gec çatsa bunun cavabını kim verəcək?
Mirvarid Dilbazinin misralarında yağış həyatdır. Pirşağıda isə o yağış insanların həyatını palçığa çevirir. Paytaxtın ortasında bu biabırçılığa nə vaxta qədər göz yumulacaq?




