Quba rayon Rustov kənd inzibati dairəsinin Hacıağalar məntəqəsinin yolları bərbad vəziyyətdədir. Qış aylarında isə kənd sakinləri, məktəbə gedən azyaşlı uşaqlar olmazın əziyyətini çəkirlər.
Bu haqda mecra.az-a şikayət edən şəhid Xanlar Məmmədovun qardaşı Mahir Məmmədov yollarının illərdir ki, bərbad vəziyyətdə olduğunu bildirib:
“Kəndimiz birinci Qarabağ savaşında üç şəhid verib və onlardan biri də mənim qardaşımdır. Hazırda kəndin 20 Yanvar və Vətən müharibəsi qaziləri var. Bizim Hacıağalar kəndinin yolları bərbad vəziyyətdədir. Qamqam kəndinin yolları asfaltlanıb. Qamqamdan Hacıağalar kəndinə isə taksi bizi 6-7 manata gətirir, deyirlər ki, sizin yollarınız bərbad vəziyyətdədir. Məktəbli uşaqlar da əziyyət çəkir. Yollara ancaq kənd sakinləri arasında bir neçə dəfə pul yığıb çınqıl daş tökmüşük”.
M.Məmmədov deyib ki, kəndin yollarının bərbad olması ilə bağlı onlar Quba rayon İcra Hakimiyyətinə də şikayət ediblər:
“Beş il bundan qabaq kənd sakinləri ilə birlikdə Quba rayon İcra Hakimiyyətinə gedib şikayət etdik. Amma təəssüflər olsun ki, problemimizin həll edilməsi üçün bizə kömək edən olmadı. Qazımız, işığımız var, amma tək problemimiz yoldur. Xahiş edirik aidiyyatı qurumlar səsimizə səs versin”.
Məsələylə bağlı Rustov kənd inzibati dairəsinin bələdiyyə sədri Behbud Rəhimovla əlaqə saxladıq. Bələdiyyə sədri yolların təmir edilməsi üçün vəsaitin olmadığını bildirdi:
“Hacıağalar kəndinin yollarının təmir olunması üçün vəsait lazımdır və bizdə də o vəsait yoxdur. Vəsait olsa, yazda yolları təmir edə bilərik. Qamqam kəndinin yolları dövlət başçısının sərəncamı ilə Hacıağalar məntəqəsinin girişinə qədər çəkilib. Hacıağalar məntəqəsinin kənddaxili yolları isə təmirsizdir. Qış aylarında isə yolları təmir etmək mümkün deyil. Kəndin yollarını təmir etmək üçün gərək vətəndaşlar vergi versinlər. Mənim bu haqda kənd sakinləri ilə də söhbətim olub. Hacıağalarda təxminə 400-500 əhali yaşayır”.








