Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım Əliyeva zaman keçdikcə özündə Azərbaycan ziyalısının gözəl nümunəsini təcəssüm etdirirdi.
Akademik Zərifə xanım Əliyeva həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. O, bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan şəxsiyyət idi. Vətənimizi, xalqımızın dəyərli övladı və rəhbəri, möhtərəm Prezidentimizin əziz anası idi! Eyni zamanda qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi! Azərbaycan xalqı özünün belə istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini daim dərin sevgi və ehtiramla yad edir. Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır.
Çağdaş müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lideri mövqeyinə yüksəlmiş Heydər Əliyevin bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”.
Peşəsinin öncülü sayılan alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, gözün oftalmoloji, histomikroskopik tədqiqi, klinik diaqnostika və s. sahələrdə dərin elmi araşdırmalar aparmışdır. Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir.
Oqtay Əmənullayev,
“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası“ Publik Hüquqi Şəxsin direktoru




