Müsahibə

“Tələbkar sakin bələdiyyəni işləməyə məcbur edəcək” – MÜSAHİBƏ

Şəhər həyatında sakinlərin yalnız öz şəxsi ehtiyaclarına deyil, yaşadıqları məhəllə, qəsəbə və şəhərin ümumi problemlərinə də münasibət göstərməsi sosial həmrəyliyin formalaşması baxımından mühüm məsələlərdən biridir.

Bu yanaşmadan çıxış edən bələdiyyə eksperti Fərman Salmanlı sakinlərin yaşadıqları icma qarşısında könüllü sosial məsuliyyət daşımasını nəzərdə tutan yeni konsepsiya irəli sürüb.

Ekspertin təklif etdiyi “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasında əsas diqqət vətəndaşların məcburi deyil, könüllü şəkildə yaşadıqları ərazinin sosial, ekoloji, mədəni və digər problemlərinin həllində iştirakına yönəldilir.

Konsepsiyanın əsas prinsiplərindən biri isə hər bir sakinin yalnız öz hüquq və tələblərini deyil, yaşadığı icma qarşısında məsuliyyətini də dərk etməsidir.

Bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlı bununla bağı “Cebheinfo.az”-ın suallarını cavablandırıb:

– Fərman bəy bu yaxınlarda mətbuatda “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” adlı yeni bir konsepsiya ilə çıxış etdiniz. Bu ideya necə yarandı, konsepsiyanın fəlsəfəsini formalaşdıran təməl prinsiplər hansılardır və mahiyyətcə cəmiyyətə nə vəd edir?

– 11 illik bələdiyyə üzvlüyü təcrübəm və 10 ilə yaxın bələdiyyə məsələləri üzrə ekspert kimi mətbuatdakı fəaliyyətim, habelə apardığım araşdırmalar mənə yerli idarəetmədəki real mənzərəni dərindən görmək imkanı verdi.

İllər boyu müşahidə etdiyim əsas məsələlərdən biri bu idi: sakinlər adətən qarşılaşdıqları hər bir problemi, istər məhəllənin təmizliyi, istər yaşıllıqların qorunması, istərsə də kiçik infrastruktur çətinlikləri olsun yalnız dövlətdən və ya bələdiyyədən gözləməyə vərdiş ediblər. 

Mən bu probləmləri illərdir müşahidə edirdim və düşünürdüm ki, nə etmək lazımdır? Necə bir model qurmaq olar ki, sakinlər passiv iştirakçılıqdan çıxıb, öz yaşadıqları ərazinin problemlərini özləri həll edən fəal subyektə çevrilsinlər?

Məhz bu axtarışların nəticəsi olaraq hazırladığım “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası yalnız sosial-inzibati münasibətlərlə məhdudlaşmır, onun daha dərin ekoloji-fəlsəfi kökləri var. 

Təbiətə diqqətlə baxsaq görərik ki, canlı və cansız hər bir ünsür ağac, su, torpaq, hətta bir daş belə ekosistemin fəaliyyətinə öz faydasını verir və balansı saxlayır. İnsan da axı bu ekosistemin ayrılmaz parçasıdır.

Niyə insan yaşadığı icmaya fayda verməməlidir? Konsepsiyanın daxili məntiqini və nəzəri-metodoloji əsaslarını formalaşdıran təməl prinsiplər aşağıdakı kimi sistemləşdirilə bilər:

1. Sakin məsuliyyəti və şüurlu iştirakçılıq: Fərdin idarəetmədə yalnız passiv xidmət alıcısı və ya müşahidəçi deyil, öz yaşayış mühitinin inkişafında birbaşa fəal subyektə çevrilməsi.

2. Könüllülük və daxili motivasiya: İcma işlərinə töhfənin məcburiyyət və ya hüquqi öhdəliklə deyil, mənəvi borc, mənsubiyyət hissi və sosial həmrəylik əsasında həyata keçirilməsi.

3. Yerli problemlərin yerində çözümü (subsidiarlıq): Qəsəbə, məhəllə və ya bina səviyyəsindəki kiçik infrastruktur, ekoloji və sosial çətinliklərin mərkəzi orqanları gözləmədən sakinlərin öz resurs və təşəbbüsləri ilə həlli.

4. Sosial həmrəylik və icma mənsubiyyəti: Məhəllə sakinləri arasında qarşılıqlı etimadın, sosial şəbəkələrin və birgə məsuliyyət mühitinin gücləndirilməsi yolu ilə öveygənləşmənin (öveygənləşmə və ya daha geniş yayılmış psixoloji termini ilə Özgələşmə/Dissosiasiya) qarşısının alınması.

5. Bələdiyyə-sakin tərəfdaşlığı: Yerli özünüidarəetmə organları ilə sakinlərin qarşı-qarşıya deyil, yerli inkişaf naminə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi.

Məhz bu konsepsiya cəmiyyətimizə nə vəd edir sualınıza cavab olaraq bildirmək istəyirəm ki, konsepsiya cəmiyyətə vətəndaşı passiv xidmət alıcısından öz yaşayış mühitinin fəal icma qurucusuna çevirən yeni bir idarəetmə fəlsəfəsi vəd edir.

Təbiətdəki hər bir canlı və cansız ünsürün ekosistemin balansına xidmət etdiyi kimi, fərd də özünü bu mühitin ayrılmaz bir parçası hiss edərək cəmiyyətə və ətraf mühitə mənəvi borc hissindən doğan real töhfə verir.

Nəticədə, məhəllə səviyyəsindəki sosial və ekoloji problemlər uzun bürokratik prosedurları gözləmədən yerindəcə həll olunur. Sakinlər arasında sosial həmrəylik bərpa edilir, qonşuluq münasibətləri güclənir və yerli idarəetmə orqanları ilə vətəndaş arasında bərabərhüquqlu strateji tərəfdaşlıq mühiti bərqərar olur.

– İnsanların iş ailə qayğıları ilə məşğul olduqları bir vaxtda onların könüllülüyə vaxt ayırmasının mümkün hesab edilirmi?

– Çox yerində və reallığı tam əks etdirən sualdır. Biz “könüllü sosial məsuliyyət” dedikdə insanların işini-gücünü, ailəsini kənara qoyub saatlarla icma işləri ilə məşğul olmasını nəzərdə tutmuruq.

Buradakı əsas fəlsəfə əlavə yük yaratmaq deyil, icma üçün çalışmağı gündəlik həyatın bir parçasına çevirməkdir. Təbiətdəki ağac, su və ya torpaq mövcudluğunu saxlayarkən ekosistemin balansına necə xidmət edirsə, fərd də öz həyat axınını pozmadan kiçik addımlarla mühitə töhfə verə bilər.

Məhəllədəki bir ağaca su vermək, yol gedərkən hər hansı zibil parçasını götürüb zibil qabına atmaq, kiçik bir problemi yerindəcə həll etmək və ya qonşularla ortaq məsələyə 10 dəqiqə ayırmaq da bu məsuliyyətin bir hissəsidir.

Sakin bu kiçik mənəvi hərəkətlərlə öz yaşam keyfiyyətinə xidmət etdiyini dərk etdikdə, könüllülük ayıracaq vaxt axtarmaq deyil, şüurlu bir yaşayış tərzinə çevrilir.

– Əgər sakinlər fəallaşsa və bələdiyyələrdən daha çox hesabat tələb etsə, bələdiyyələr buna hazırdırmı? 

– Bəli sakinlərin fəallaşması və tələbkar olması bələdiyələrin işini çətinləşdirməkdən ziyadə onların daha çevik, şəffaf və məsuliyyətli fəaliyyət göstərməsinə zəmin yaradacaq.

Əksər bələdiyyələr ilk mərhələdə bu prosesə adaptasiya olmaqda çətinlik çəksələrdə, məhz ictimai nəzarət və vətəndaş fəallığı yerli idarəetmədə fəaliyyətin səmərəliyini artırmağa səbəb olan amillərdəndir.

– İcma daxilində qərarların qəbulunda sakinlərin iştirakını artırmaq demokratiyanı gücləndirə bilər. Bəs çoxluğun qərarı azlığın maraqları ilə toqquşarsa, sizin modelinizdə balans necə qorunmalıdır?

– Çoxluq və azlıq maraqlarının balansı modelimizin təməl sütunlarından biridir. Demokratiya təkcə çoxluğun mexaniki səsi deyil, həm də azlığın hüquqlarının və qanuni maraqlarının qorunmasını ehtiva edən sistemdir. 

Təqdim etdiyimiz modeldə hər hansı qərar qəbul olunarkən təkcə səs çoxluğuna deyil, hüquqi çərçivəyə, qarşılıqlı hörmətə və inklüziv konsensusa istinad edilir, həssas qrupların maraqları və təklifləri mütləq nəzərə alınır.

Əsas məqsəd heç bir qrupu kənarda qoymadan, dialoq və könüllü sosial məsuliyyət prinsipi ilə ümumi icma rifahına nail olmaqdır.

Balans qanunun aliliyi, hüquqi çərçivə və inklüziv dialoq mexanizmləri vasitəsilə qorunmalıdır. Bu model həm də cəmiyyətdə cinsindən, fiziki imkanlarından, etnik, dini və sosial mənsubiyyətindən aslı olmayaraq bütün fərdlərin icma qarşısında bərabərhüquqlu fəaliyyətinə zəmin yaradır.

– Modelin uğurunu necə ölçmək olar? Yəni bu konsepsiyanın tətbiqindən sonra hansı konkret dəyişikliklər baş verməlidir ki, onun həqiqətən işlədiyini deyə bilək?

 – Bu konsepsiyanın praktiki uğurunu və həqiqətən işlədiyini görmək üçün bələdiyyə ilə icma münasibətlərində bir neçə real və görünən dəyişiklik baş verməlidir.

Sakinlər sadəcə passiv müşahidəçi və ya şikayətçi rolunda qalmayaraq bələdiyyənin ictimai müzakirələrində, yerli təşəbbüslərdə və büdcə müzakirələrində fəal şəkildə iştirak etməli, yerli idarəetmə orqanlarının fəaliyyəti isə tam açıq şəkildə həyata keçirilərək vətəndaşlar arasında güclü qarşılıqlı etimad mühiti yaratmalıdır.

Həmçinin, yerli problemlər və narazılıqlar gərginlik və ya ziddiyyət müstəvisində deyil, məhz sakinlərin könüllü sosial məsuliyyəti və qarşılıqlı dialoqu sayəsində birgə, operativ şəkildə həll olunmalıdır.

Bir sözlə, model o zaman uğurlu hesab olunur ki, yerli idarəetmə qapalı inzibati mexanizm olmaqdan çıxıb, cəmiyyətin birbaşa iştirak etdiyi canlı və həmrəy bir icma platformasına çevrilsin.

– Sakinlərdən sosial məsuliyyət gözləyirik. Bəs bələdiyyə vətəndaşın etimadını qazanmaq üçün hansı məsuliyyəti daşımalıdır?

– Sosial məsuliyyət birtərəfli proses deyil və qarşılıqlılıq prinsipinə əsaslanmalıdır. Əgər biz sakinlərdən icma qarşısında məsuliyyət gözləyiriksə, bələdiyyə də vətəndaşın etimadını qazanmaq üçün yüksək səviyyədə idarəetmə məsuliyyəti daşımalıdır.

Bu məsuliyyət ilk növbədə yerli büdcənin və qərarların tam şəffaflığında, resursların ədalətli bölgüsündə və idarəetmədə açıqlığın təmin edilməsində özünü büruzə verməlidir. Bələdiyyə sakinlər üçün qapalı struktur deyil, əksinə fəaliyyəti subsidarlıq prinsipinə əsaslanan elə sakinlərin öz-özünü idarəetmə orqanıdır.

Bu mənada bələdiyyələr sakinlərin müraciətlərinə operativ cavab verən, problemləri diqqətdə saxlayan və hər bir addımında hesabatlı olan etibarlı tərəfdaşa çevrilməlidir. Yalnız bu qarşılıqlı məsuliyyət mühitində real yerli demokratiya və güclü icma həmrəyliyi qurmaq mümkündür.

Gülər Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir