Mədəniyyət

624 yaşı olan türbə bu il bərpa olunacaq 

Qobustan rayonunun Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli “Diri baba” türbəsində bərpa işləri aparılacaq.

xeberde.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
 tərəfindən satınalma müsabiqəsi elan edilib.

Müsabiqəyə əsasən, “Diri baba” türbəsinin bərpası işlərinin satın alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 683 min 515 manat təşkil edir. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi bu abidəni 2024-cü ildə bərpa ediləcəyini desə də hələ də abidənin bərpası mümkün olmayıb.

Xatırladaq ki, “Diri baba” türbəsi Azərbaycanın ən qədim və sirli memarlıq abidələrindən biri hesab olunur. Türbənin mərtəbələrini ayıran dekorativ yazı kəmərində onun hicri 805-ci ildə, yəni eramızın 1402-ci ilində I İbrahim Şirvanin əmri ilə tikildiyi qeyd olunub.

Şirvanı qonşu ölkələrlə birləşdirən qədim karvan yolunun yaxınlığında yerləşən abidə əsrlər boyu səyyahların diqqətini çəkib. XVII əsrdə Alman səyyahı Adam Olearius, holland səyyahı Cornelis de Bruijn və digər xarici tədqiqatçılar yol qeydlərində türbə haqqında yazılar yazıb, hətta onun rəsmlərini çəkiblər.

Tarixi mənbələrdə qeyd olunur ki, həmin rəsmlərdə türbənin ilkin görünüşü əks etdirilib. Lakin zaman keçdikcə abidənin xarici görnüşündə dəyişikliklər baş verib.

XIX əsrdə Qafqaz tarixinin araşdırmaçıları da “Diri baba” türbəsinə xüsusi maraq göstəriblər. Rusiyalı akademik B.Dorn abidə ilə bağlı tədqiqat aparıb. Azərbaycanın tanınmış epiqraf alimi Məşədixanım Nemətova isə türbə haqqında araşdırmalarında daş kitabənin “Hermitage Museum”də saxlanıldığını qeyd edib.

Türbədə dəfn olunan müqəddəs şəxsin kimliyi ilə bağlı isə indiyədək dəqiq məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir