Gənc tədqiqatçı Fərid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Remembering Khojaly is a Moral Obligation” adlı məqaləsi Pakistan mediasında geniş maraqla qarşılanıb.Məqalə Pakistanın 14 aparıcı media platformasında dərc edilərək beynəlxalq informasiya məkanında Azərbaycanın tarixi həqiqətlərinin və haqq səsinin yayılmasına mühüm töhfə verib. Nüfuzlu xəbər portalları və analitik resurslar yazıya geniş yer ayıraraq Xocalı soyqırımının mahiyyətinə və insanlığa qarşı törədilmiş bu ağır cinayətin beynəlxalq müstəvidə tanıdılmasına diqqət çəkiblər.Yazıda 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğının hüquqi, siyasi və mənəvi aspektləri təhlil olunur, bu faciənin yalnız Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin yaddaşında saxlanılmasının mənəvi borc olduğu vurğulanır. Müəllif Xocalı soyqırımının beynəlxalq humanitar hüquq normaları baxımından qiymətləndirilməsinin zəruriliyini önə çəkərək, qlobal ictimaiyyəti ədalət və tarixi məsuliyyət mövqeyindən məsələyə yanaşmağa çağırır.Qeyd edək ki, məqalənin Pakistanın media məkanında geniş yayılması Azərbaycan–Pakistan ictimai-humanitar əlaqələrinin güclənməsinə və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilir.




