Dünya Gündəm

Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb

Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə getmək istəyənlərin sayı getdikcə azalır.

xeberde.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.

Analitiklər “Veçnıye İstorii” nəşrinin məlumatına istinad edərək qeyd ediblər ki, 2026-cı ilin birinci rübündə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra birdəfəlik bonus alan şəxslərin sayı 71 min 200 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.

Məlumata görə, 2025-ci il ərzində ümumilikdə 363 min 900 nəfər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bu isə 2024-cü illə müqayisədə 10 faiz azalma deməkdir.

ISW hesab edir ki, Rusiya artan itkilər fonunda yeni hərbçilərin cəlb edilməsində daha ciddi çətinliklərlə üzləşir. Bu səbəbdən Kreml şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün ehtiyat resurslarını işə salmağa, müqavilə bağlayanlar üçün bonusları artırmağa və gizli səfərbərlik tədbirlərini genişləndirməyə məcbur qalır.

Hesabatda qeyd olunur ki, Moskva hələ də əsas üstünlüyü kimi say üstünlüyünü təqdim etməyə çalışır. Lakin Ukraynanın pilotsuz uçuş aparatları və orta mənzilli zərbə imkanları bu üstünlüyün təsirini əhəmiyyətli dərəcədə azaldıb.

Analitiklərin fikrincə, Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusuna canlı qüvvə və hərbi texnika baxımından qeyri-mütənasib dərəcədə yüksək itkilər verdirir.

“Yeni hərbi qulluqçuların cəlb edilməsinin zəifləməsi və itkilərin artması fonunda Kreml Ukraynadakı itkiləri kompensasiya etmək məqsədilə ehtiyatda olanların mərhələli və məhdud şəkildə hərbi xidmətə çağırılması üçün zəmin yaradır”, – deyə ISW-nin hesabatında vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir