Cəmiyyət

Bəyannamənin verdiyi strateji mesaj.

Bəyannamənin məhz 15 iyun – Milli Qurtuluş Günündə və Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanması dərin rəmzi məna daşıyırdı. Şuşa 30 illik əsarətdən sonra azadlığın və zəfərin simvoluna çevrilmişdi. Bu müqəddəs məkanda atılan imzalar ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fəlsəfəsinin ən yüksək hüquqi təzahürü oldu. Şuşa Bəyannaməsi ilə Bakı və Ankara arasındakı münasibətlər rəsmən strateji tərəfdaşlıqdan hərbi-siyasi müttəfiqlik səviyyəsinə yüksəldi.Bəyannamənin ən strateji bəndi, şübhəsiz ki, hərbi təhlükəsizlik sahəsindəki qarşılıqlı yardım mexanizmidir. Sənədə əsasən, üçüncü bir dövlət tərəfindən tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə təhdid və ya təcavüz edilərsə, Azərbaycan və Türkiyə bir-birinə hərbi yardım da daxil olmaqla zəruri köməkliyi göstərəcəkdir. Bu bənd regionda revanşist xəyallarla yaşayan və ya Azərbaycana qarşı təzyiq rıçaqları axtaran xarici qüvvələrə qarşı ən güclü çəkindirici amildir. Azərbaycan ordusunun Türkiyə (NATO) modelinə uyğun yenidən qurulması və birgə hərbi təlimlər bu müttəfiqliyin kağız üzərində qalmadığını, real gücə çevrildiyini hər gün sübut edir.Şuşa Bəyannaməsi təkcə iki ölkənin təhlükəsizliyini deyil, həm də qlobal iqtisadi-logistik maraqları əhatə edir. Sənəddə xüsusi yer alan Zəngəzur dəhlizinin açılması hədəfi regional nəqliyyat kommunikasiyalarının bərpası baxımından strateji əhəmiyyət kəsb edir. Bu dəhliz sadəcə Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirmir; o, həm də İstanbuldan Orta Asiyaya, Çinə qədər uzanan böyük Türk dünyasını coğrafi olaraq bir araya gətirən “Turan qapısı” rolunu oynayır. Bu baxımdan bəyannamə, Türk Dövlətləri Təşkilatının qlobal bir güc mərkəzinə çevrilməsi prosesinin katalizatorudur.Sənəd iki ölkənin xarici siyasət sahəsində də tam koordinasiyalı fəaliyyətini qanuniləşdirib. İstər beynəlxalq platformalarda bir-birini təmənnasız dəstəkləmək, istərsə də qondarma “erməni soyqırımı” kimi tarixi saxtakarlıqlara qarşı birgə mübarizə aparmaq bu strateji xəttin əsasını təşkil edir. Eyni zamanda, media, diaspor və humanitar sahələrdə fəaliyyətlərin birləşdirilməsi, hər iki dövlətin qlobal miqyasda “yumşaq güc” (soft power) imkanlarını qat-qat artırıb.

Samir Talıbov

Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir