Azərbaycan ilə Vyetnam arasında münasibətlər son illər ərzində yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi sahədə nəzərəçarpacaq dərəcədə fəallaşıb. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində aparılan danışıqlar və imzalanmış sənədlər, xüsusilə də energetika sahəsində əldə olunmuş razılaşmalar bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir.
Müzakirələr zamanı enerji sahəsindəki əməkdaşlığın bu gün mövcud olan ticarət münasibətləri çərçivəsindən çıxaraq daha dərin və kompleks xarakter alacağı vurğulanıb. Xüsusilə qarşılıqlı sərmayə qoyuluşu məsələləri gündəmə gətirilib. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) Vyetnama sərmayə yatırmaq niyyəti hər iki tərəfin bu sahədə maraqlı olduğunu sübut edir. Danışıqlardan sonra aidiyyəti dövlət qurumlarına və müvafiq strukturlara konkret göstərişlərin verilməsi, bu niyyətlərin real iqtisadi addımlara çevriləcəyindən xəbər verir.
Əhəmiyyətli məsələlərdən biri də uzun fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmadır. Uzun illərdir fəaliyyətsiz olan bu formatın yenidən işə düşməsi əməkdaşlığın daha strukturlaşdırılmış və sistemli şəkildə aparılmasına zəmin yaradacaq. Komissiyanın iclasında nəinki mövcud sahələr üzrə əməkdaşlıq, həmçinin yeni istiqamətlərdə də qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçiriləcək.
Lakin reallıq ondan ibarətdir ki, iki ölkə arasında ticarət dövriyyəsinin dinamikası hələ də əsasən Azərbaycanın Vyetnama neft satışından asılıdır. Bu asılılıq əlaqələrin dayanıqlı və balanslı inkişafına mane olur. Neft ixracı artanda ticarət dövriyyəsi yüksəlir, azaldıqda isə kəskin şəkildə düşür. Bu səbəbdən Azərbaycan tərəfi daha balanslaşdırılmış ticarət münasibətlərində maraqlıdır.
Bunun üçün isə ilk növbədə qarşılıqlı informasiya mübadiləsinin genişləndirilməsi zəruridir. Tərəflər bir-birinin investisiya layihələri, qanunvericilik bazası, vergi rejimi, gömrük qaydaları barədə tam və şəffaf məlumata malik olmalıdır. Bu məlumatlar olmadan biznes dairələrinin fəal iştirakı və təşəbbüslərin artması çətinləşir. Qarşılıqlı iqtisadi fəallığın artması üçün bu kimi texniki və hüquqi məsələlərin aydınlaşdırılması mühüm şərtdir.
Beləliklə, Azərbaycan–Vyetnam iqtisadi əlaqələrinin gələcəyi üçün real imkanlar mövcuddur. Siyasi iradə və strateji sənədlərlə müəyyən edilmiş çərçivə artıq formalaşıb. İndi əsas məsələ bu çərçivəni konkret iqtisadi layihələr, sərmayələr və dayanıqlı ticarət mexanizmləri ilə doldurmaqdır. Əgər bu istiqamətdə koordinasiyalı addımlar atılarsa, iki ölkə arasında münasibətlər əsl strateji iqtisadi tərəfdaşlıq səviyyəsinə çata bilər.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı