1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciətə verilən cavab Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Həmin dövrdə ölkədə mürəkkəb ictimai-siyasi proseslər gedir, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və demokratik idarəçilik prinsiplərinin formalaşdırılması zərurəti ön plana çıxırdı. Belə bir şəraitdə yeni siyasi partiyanın yaradılması təşəbbüsü cəmiyyətdə mövcud olan siyasi təşkilatlanma ehtiyacının ifadəsi idi.
Heydər Əliyev ziyalıların müraciətinə cavabında bu təşəbbüsün demokratik inkişaf və siyasi plüralizm prinsipləri ilə uzlaşdığını vurğulayırdı. O, müraciətində qeyd edirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Bu cavab yeni siyasi təşkilatın yaradılmasına münasibəti və gələcək fəaliyyət istiqamətlərini əks etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin mövqeyində demokratik prinsiplərin, siyasi rəqabətin və ictimai iştirakçılığın dövlət quruculuğundakı rolu diqqətə çatdırılırdı.
Nəticədə bu müraciət və ona verilən cavab Yeni Azərbaycan Partiyasının təsis olunması prosesində mühüm mərhələyə çevrildi. Həmin sənədlər Azərbaycanın müstəqillik dövründə siyasi təşkilatlanma tarixinin öyrənilməsi baxımından da əhəmiyyətini qoruyur.
Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru




