Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyəsi, qarşılıqlı etimad və sıx təmaslarla səciyyələnir. Son illərdə dövlət başçıları arasında müntəzəm görüşlərin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə aparılan danışıqların intensivləşməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm zəmin yaradıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrin inkişaf dinamikasını artırmaqla yanaşı, siyasi münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir. Azərbaycanın Özbəkistana həyata keçirdiyi səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər hər zaman qarşılıqlı hörmət, səmimiyyət, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində keçirilir. Özbəkistanın son illərdə bütün sahələrdə nümayiş etdirdiyi sürətli inkişaf, müasir şəhərlərin və infrastrukturun formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, elm, təhsil, mədəniyyət və idmanın inkişafına göstərilən diqqət ölkənin əldə etdiyi mühüm nailiyyətlərin bariz nümunəsidir. Özbəkistanın Prezidentinin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və beynəlxalq nüfuzunun daha da gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət xüsusi əhəmiyyət daşıyır. Ölkənin müxtəlif sahələrdə əldə etdiyi uğurlar düşünülmüş inkişaf strategiyasının, uzunmüddətli məqsədlərin və səmərəli idarəetmə siyasətinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın Özbəkistanın inkişafını yüksək qiymətləndirməsi və qardaş ölkənin uğurlarına səmimi münasibəti iki xalq arasında mövcud olan qarşılıqlı hörmət və rəğbətin göstəricisidir. Bu gün Azərbaycan-Özbəkistan siyasi əlaqələri yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir. Qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulan siyasi dialoq bundan sonra da davamlı şəkildə inkişaf etdiriləcək. İki qardaş ölkənin dövlət başçıları arasında mövcud olan sıx və səmimi münasibətlər Azərbaycan-Özbəkistan əlaqələrinin daha da möhkəmlənməsinə, müttəfiqliyin yeni məzmunla zənginləşməsinə və xalqlarımızın ortaq maraqlarının təmin olunmasına xidmət edəcək!
Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqallar şurasının sədri



