Təhsil

Müəllimlərin nəzərinə! – Süni intellekt təlimləri təşkil olunur

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi”nin əməkdaşlığı çərçivəsində cari ilin avqust ayının 26-dan etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində çalışan 300 nəfər pedaqoji heyət üçün “Tədris prosesində Süni Zəka texnologiyaları” üzrə təlim təşkil olunacaqdır.

Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin məqsədi müəllimlərə süni zəka texnologiyalarının tədris prosesində istifadəsi ilə bağlı fundamental bilik və bacarıq qazandırmaq, onları fərdiləşdirilmiş dərs planları və öyrədici vasitələr hazırlamağa yönləndirmək, eyni zamanda ICDL Insights Artificial Intelligence beynəlxalq serifikasiyasına hazırlamaqdır.

Bununla yanaşı Elm və Təhsil Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, o cümlədən Microsoft və digər süni intellekt üzə ixtisaslaşmış şirkətlərlə süni intellekt istiqamətli həllərin tətbiqi üzərində işlər aparır.   

“Hazırda Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumları tərəfindən “Süni İntellekt” həllərinin tətbiqi istiqamətində ilkin hazırlıq və təhlil işləri aparılmaqdadır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri, təhsilalanlar üçün real dərs mühitində verdiyi suallara düzgün, dəqiq və başa düşülən cavablar təqdim edən və təhsilverənlər üçün isə metodik vəsaitlərin izahını, dərs planlarının hazırlanmasını və qiymətləndirmə meyarlarının izahını təmin edən süni intellekt həllərinin hazırlanmasıdır.

Süni intellektin tətbiqi istiqamətində yeniliklər həyata keçirildikcə mütəmadi olaraq aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcəkdir”, – deyə nazirlikdən məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir