Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcəyini qeyd edib. Eyni zamanda, magistratura səviyyəsində bu mərhələ uğurla tətbiq olunacağı təqdirdə, gələcəkdə digər aşağı pilləli imtahanlarda da “speaking” mərhələsi tətbiq edilə bilər. Azərbaycanda magistratura imtahanlarına “speaking” mərhələsinin əlavə olunması qərarı dil bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından nəzəri cəhətdən düzgün görünür. Lakin təhsil eksperti Kamran Əsədov xeberde.az-a bildirib ki, bu addım yalnız ümumi təhsil və bakalavr pilləsində real danışıq bacarığı formalaşdırıldığı halda məntiqli və ədalətli ola bilər:
Məktəblərdə “speaking” bacarığı inkişaf etdirilmir
“Hazırda məktəblərdə tətbiq olunan xarici dil proqramları nəzəri olaraq oxu, yazı, dinləmə və danışığı əhatə etsə də, təcrübədə “speaking” bacarığı ya ümumiyyətlə inkişaf etdirilmir, ya da formal şəkildə tədris olunur. Bu isə Təhsil haqqında Qanunda nəzərdə tutulan bacarıqların inkişafı tələbi ilə ziddiyyət təşkil edir”.
Kamran Əsədovun sözlərinə görə, məktəblərdə ingilis dili müəllimlərinin yalnız 18 faizi beynəlxalq sertifikatlıdır və bu, danışıq bacarığının formalaşmasına ciddi maneədir:
“2023-cü il sertifikasiya imtahanlarının nəticələri göstərdi ki, müəllimlərin 88 faizi minimum tələbləri belə, ödəyə bilməyib. Bu fonda danışıq bacarığının yoxlanılması tələbələrin biliklərini deyil, onların maddi imkanlarını ölçən vasitəyə çevriləcək”.
Ekspert həmçinin qeyd edib ki, bu vəziyyət xüsusilə regionlarda təhsil alan gənclər üçün sosial ədalətsizliyə səbəb ola bilər, çünki onlar əlavə kurs imkanlarından istifadə edə bilmirlər:
“Danışıq mərhələsinin tətbiqi real danışıq mühiti və müəllim hazırlığı olmadan sadəcə kurslara yönləndirilmiş yeni bir maliyyə yükü olacaq”.
Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə illərdir passiv mövqe sərgiləyir:
“Nə müəllimlərə kommunikativ metodlarla bağlı təlimlər keçirilir, nə də məktəblərdə real danışıq mühiti yaradılır. Nazirlik sadəcə imtahan qərarlarına reaksiya verir, amma sistemli şəkildə qabaqlayıcı tədbir görmür”.
Ekspert dünya təcrübəsindən nümunələr gətirərək vurğulayıb ki, danışıq mərhələsi yalnız həmin bacarıqların tədris mühitində təşviq edildiyi ölkələrdə uğurla tətbiq edilir:
“Finlandiya, Sinqapur, Niderland kimi ölkələrdə xarici dil dərsləri interaktiv metodlarla keçirilir, müəllimlər bu istiqamətdə xüsusi hazırlıq alır. Azərbaycanda isə bu şərait olmadan danışıq mərhələsinin tətbiqi minlərlə gəncin əlavə xərclərlə üzləşməsinə və təhsildən soyumasına səbəb olacaq”.
Nəticə olaraq, Kamran Əsədovun fikrincə, danışıq bacarığının qiymətləndirilməsi deyil, onun məktəbdən başlayaraq sistemli şəkildə formalaşdırılması prioritet olmalıdır:
“Sistem dəyişmədən qiymətləndirməni dəyişmək təhsilin keyfiyyətinə yox, statistikaya xidmət edir. Əgər bu addım atılacaqsa, o zaman əvvəlcə təhsil sistemində köklü islahatlar, müəllim hazırlığı və məktəblərdə real danışıq imkanları təmin edilməlidir”.