Şou-Biznes

“Düşük Şoubiznes və Pul Buraxan Həcilər” – Cəmiyyətin Hiss Etmədiyi Faciəsi


Bugünkü Azərbaycan cəmiyyətində sosial şəbəkələr və mediada yer alan simalar arasında dəyər və dəyərsizlik arasındakı fərqləri ayırd etmək çətinləşib. Kiminsə beş saniyəlik videosu, bərbad playback ifası və ya süni qalmaqalı ilə “tanınması” artıq normal sayılır. Bəs bu parıltının altında nə yatır? Sırf izlənmək, gündəmdə qalmaq və reytinq üçün hər şeyini satmağa hazır olan “şou-biznes” nümayəndələri və onların bu səhnəyə pul yağdıran sadiq “həciləri”.

Dəyərsizliyin Qiymət Qazandığı Arena
Azərbaycan şou-biznesinin müəyyən bir hissəsi – əlbəttə ki, hamısı deyil – keyfiyyət deyil, “kontent” adı altında nümayiş olunan ucuz səhnələrlə gündəmə gəlməyə çalışır. Mikrofon əvəzinə filterlərlə, səs yerinə isə sintezatorla danışanlar bu sənətə nə verə bilər? Qaldı ki, sənət dediyimiz anlayış burada artıq qara bazar malı kimi satılır: “canlı ifa?” – boş şey, “təhsil?” – kimə lazımdır ki, bir-iki qalmaqal, bir-iki “klip”, vəssalam, sən artıq “tanınmışsan”.

Həcilər – Şou-biznesin Sponsor Maskaları
Və bu bərbad teatrın ikinci pərdəsində isə “həci” obrazı çıxış edir. Təbii ki, burada dini mənada həci deyil, vəsaitini və diqqətini mənasız işlərə xərcləyən, özünü “dəstəkçi” kimi göstərən şəxslər nəzərdə tutulur. Sənətkarı, alimi, yazıçını yox, sözün əsl mənasında “instagram influenseri” olan birini maliyyələşdirən bu adamlar, əslində cəmiyyətin diqqətini faydalı insandan çəkib, onu “parıltılı tullantıya” yönəldir.

Qalmaqalla Yaşayan “Sənətkarlar”
Bir-biri ilə dava edən, “canlı efirdə üzr istəyirəm” deyib sonra yenidən dava salan, ağlamalı müsahibələr verib, sabahı gün konsertə çıxan bu insanlar tamaşaçını nə qədər ciddiyə alır? Sənətdə istedadın yerini artıq sponsorun cüzdanı, aktyorluğun yerini isə dramatik paylaşımlar alıb. Və ən pisi budur ki, buna alqış tutan bir kütlə formalaşıb.

Cəmiyyətin Uğursuzluq Vitrini
Gənclərin örnək götürdüyü insanlar arasında müğənni adı ilə bazara çıxan, amma ifa bacarığı sıfıra bərabər olan simaların olması təhlükəlidir. Sosial status bu cür “sənətkarlara” görə formalaşırsa, bu, gələcəyin dəyərsizləşməsi deməkdir. Elmə, təhsilə, əxlaqa yox, bədənə, “kontenta” və reytinqə sərmayə qoyulan bir mühitdə inkişafdan danışmaq sadəlövhlükdür.

Nəticə Yerinə – Zövqsüzlüyə Qarşı Mübarizə
Bu yazı kiminsə şəxsi həyatına müdaxilə deyil, bir ictimai tənqiddir. Söhbət sənətə dəyər verən və zəhmətlə uğur qazanan istedadlı insanlardan yox, süni qalmaqallarla gündəmə gələnlərdən və onlara cibini açıb “şou yarat” deyənlərdən gedir. Həqiqi sənətkarı tanıyaq, dəyəri dəyərlə ölçək. Çünki zövqsüzlük yalnız fərdi problem deyil – bu, cəmiyyətin ümumi səviyyəsinin göstəricisidir.

Hazırladı: Mirismayıl Xələfli jurnalist

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir