Siyasət

Azərbaycan Xalq Cümhuriyyətindən müasir Zəfər tarixinə

Azərbaycan xalqı uzun illər ərzində müxtəlif imperiyaların hökmranlığı altında yaşasa da, heç vaxt azadlıq arzularından əl çəkməmiş, milli kimliyini, dilini, dinini və mədəniyyətini qorumaq uğrunda böyük mübarizə aparmışdır. “Bir gün azad yaşamaq, yüz il əsarətdə qalmaqdan yaxşıdır” deyimi əsrlər boyu azərbaycanlıların milli düşüncəsində, azadlıq amalında və istiqlal mübarizəsində xüsusi yer tutmuşdur. Bu fikir xalqımızın azadlıq ruhunu, milli iradəsini və müstəqil dövlət qurmaq əzmini ifadə edən mühüm ideoloji çağırışlardan biri kimi tarixə həkk olunmuşdur. Məhz bu milli iradənin nəticəsi olaraq 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz tarixinin ən mühüm hadisələrindən birinə imza ataraq Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımızın müstəqilliyi bütün dünyaya elan olundu. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu və ölkəmiz Şərqdə ilk demokratik parlament respublikası kimi tarixə düşdü. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Yeni yaradılmış dövlət demokratik prinsiplərə əsaslanan idarəetmə sistemi formalaşdırmış, insan hüquq və azadlıqlarını təmin etməyə çalışmışdır. Dövlət atributları – üçrəngli bayraq, himn və gerb qəbul edilmiş, ordu quruculuğu istiqamətində mühüm addımlar atılmış, beynəlxalq münasibətlər sistemində Azərbaycanın tanınması üçün ciddi diplomatik fəaliyyət həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində təhsil və maarif sahəsi xüsusi yer tuturdu. 1918-ci ilin avqustunda qəbul edilmiş “Xalq maarifinin və məktəblərin milliləşdirilməsi haqqında” qərar təhsil sisteminin milli əsaslar üzərində qurulmasına xidmət edirdi. Bu qərarla məktəblərdə tədrisin ana dilində aparılması təmin edildi və milli təhsil siyasətinin əsası qoyuldu. Maarifçilik ideyalarının geniş yayılması, savadlı kadrların yetişdirilməsi və milli şüurun formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1919-cu ilin sentyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanunla Bakı Dövlət Universiteti təsis olundu. Bu ali təhsil ocağının yaradılması Azərbaycanın elm və təhsil tarixində mühüm hadisə idi. Universitetin fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanmasına, ölkədə ziyalı təbəqəsinin formalaşmasına və elmi inkişafın təmin olunmasına böyük töhfə verdi.

Lakin mürəkkəb beynəlxalq və regional siyasi vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin uzunömürlü olmasına imkan vermədi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və ölkə yenidən öz müstəqilliyini itirdi. Bununla belə, Cümhuriyyət ideyaları xalqın yaddaşından silinmədi, milli azadlıq arzusu gələcək nəsillərin düşüncəsində yaşamaqda davam etdi.

Azərbaycan xalqı ikinci dəfə tarixi müstəqillik imkanını 1991-ci ildə əldə etdi. Sovet İttifaqının dağılması fonunda xalqımız yenidən dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il avqustun 30-da “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Bəyannamə, oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla Azərbaycan Respublikası özünü müstəqil, demokratik və dünyəvi dövlət kimi bütün dünyaya bəyan etdi. Beynəlxalq ictimaiyyət Azərbaycanın dövlət müstəqilliyini tanıdı və ölkəmiz dünya dövlətləri sırasında layiqli yerini tutdu. Müstəqilliyin ilk illərində Azərbaycan ciddi siyasi, iqtisadi və sosial problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz, torpaqlarımızın işğalı, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Daxildə isə siyasi çəkişmələr, separatçılıq meyilləri və vətəndaş qarşıdurması dövlət müstəqilliyini təhlükə altına salmışdı. Belə mürəkkəb və ağır şəraitdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ermənistanla atəşkəsin əldə olunması, “Əsrin müqaviləsi”nin imzalanması və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etdi. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına səbəb oldu.

Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin iqtisadi qüdrəti artmış, beynəlxalq mövqeləri daha da güclənmiş, ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilmişdir. Azərbaycanın müasir inkişafı və əldə etdiyi uğurlar Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və müstəqillik ənənələrinin uğurla davam etdirildiyini bir daha sübut edir. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Həmin ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı təsis edilmiş, ölkə daxilində və beynəlxalq səviyyədə çoxsaylı tədbirlər keçirilmişdir. 2021-ci il oktyabrın 15-də qəbul edilmiş “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 May – Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Bu qərar Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə təsbit edildiyini bir daha nümayiş etdirir. Qürurla deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları bu gün də yaşayır və müasir müstəqil Azərbaycanın inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətimizin siyasi, iqtisadi və hərbi gücü daha da artmış, Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Bu gün üçrəngli bayrağımızın Şuşada, Laçında, Xankəndidə və digər azad edilmiş torpaqlarda qürurla dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və dövlətçilik ənənələrimizin uğurla davam etdirildiyini nümayiş etdirir. Dövlətçilik tariximizin bu şanlı səhifəsi hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir və xalqımızın azadlıq, milli birlik və müstəqillik ruhu gələcək nəsillər üçün daim örnək olacaqdır.

Samirə Hüseynova

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir