Yay mövsümündə havaların isti keçməsi virus infeksiyalarının yayılma riskini müəyyən qədər azaltsa da, bu dövrdə qrip və digər tənəffüs yolu infeksiyalarından tam qorunmaq mümkün deyil. Kondisionerlərdən intensiv istifadə, tez-tez edilən yay səyahətləri və immun sisteminin zəifləməsi infeksiyaların yayılmasına əlverişli şərait yaradır.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev xeberde.az-a açıqlamasında bildirib ki, yay aylarında daha çox A və B tipli qrip virusları müşahidə edilir ki, bu viruslar digər tənəffüs yolu infeksiyalarına nisbətən daha kəskin simptomlarla xarakterizə olunur:
“Xəstəlik adətən qəfil və yüksək hərarətlə başlayır, bədən və əzələ ağrıları, baş ağrısı, boğazda ağrı və qızartı, burun axması və ya tıxanıqlıq, quru öskürək, ümumi halsızlıq və yorğunluqla müşayiət olunur. Uşaqlarda isə bəzi hallarda ürəkbulanma, qusma və ishal kimi əlamətlər də müşahidə edilə bilər. Qripin fərqləndirici cəhəti onun sürətlə və kəskin başlamasıdır. Sadə soyuqdəymə zamanı bu simptomlar daha yüngül olur və hərarət çox yüksəlmir. COVİD-19 və adenoviruslarda bənzər əlamətlərə rast gəlinsə də, lakin COVİD-ə daha çox uzunmüddətli quru öskürək və qoxu-dad itkisi xasdır”.

Zakir Quliyev qripdən qorunmaq üçün bir sıra profilaktik tədbirlərin vacibliyini də vurğulayıb:
“Bunların sırasında əllərin tez-tez və düzgün yuyulması, antiseptik vasitələrdən istifadə, öskürərkən, asqırarkən ağız və burnun salfet və ya dirsəklə örtülməsi, ictimai yerlərdə maska taxılması və xüsusilə risk qrupuna aid şəxslərlə təmas zamanı diqqətli olmaq xüsusi önəm daşıyır. Kondisioner istifadə edilən məkanların mütəmadi havalandırılması və filtrlərinin təmizlənməsi də infeksiya riskini azalda bilər”.
Həmçinin mütəxəssis sağlam qidalanma, kifayət qədər yuxu və lazım gəldikdə qripə qarşı peyvəndin tətbiqini də tövsiyə edir.
Onun sözlərinə görə, peyvəndlər əsasən payız aylarında vurulur, lakin müəyyən hallarda risk qruplarına yayda da tətbiq oluna bilər.
Terapevt onu da əlavə edib ki, qrip virusu əsasən hava-damcı yolu ilə öskürmə və asqırma zamanı havaya yayılan damcılar vasitəsilə, eləcə də virusla çirklənmiş səthlərə toxunduqdan sonra əllə gözə, buruna və ya ağıza toxunmaqla yayılır:
“Xəstəlik daha çox 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, astma, şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri olanlar, eləcə də immun sistemi zəif olan insanlar üçün ciddi fəsadlar törədə bilər. Bu qruplarda qrip pnevmoniya, bronxit, qulaq infeksiyaları və bəzi hallarda həyati təhlükəli orqan fəsadlarına səbəb ola bilər”.