Bölgə Mədəniyyət

Qarabağda 68 abidə tamamilə məhv edilib – RƏSMİ

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda yerləşən 68 tarix və mədəniyyət abidəsi tamamilə dağıdılıb, 114 abidə isə genişmiqyaslı dağıntıya məruz qalıb.

xeberde.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, 434 abidəyə dəymiş maddi zərərin məbləği hesablanıb.

Hesablamalara əsasən, həmin abidələrə ümumilikdə 700 milyon 154 min manat zərər vurulub.

Dövlət Xidmətinin məlumatına görə, 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın mədəni irsinə ağır zərbə vurulub. Abidələrin bir hissəsi tamamilə dağıdılıb, digərləri vandalizmə məruz qalıb və müxtəlif səviyyədə zədələnib.

İnventarlaşdırma zamanı islam dini abidələrinin dağıdıldığı, təhqir edildiyi və bəzi hallarda tövlə kimi istifadə olunduğu müəyyənləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə dövlət qeydiyyatında olan 9 türbə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Bundan başqa, 25 məscid, 14 türbə və 2 sərdabə müxtəlif həcmdə dağıntıya məruz qalıb.

Vandalizm xristian dini abidələrindən də yan keçməyib. Xocavənd rayonundakı iki məbədin işğalçı qüvvələr tərəfindən döyüş mövqeyi kimi istifadə edildiyi, bəzi abidələrin divarlarına kiril və erməni əlifbaları ilə müxtəlif yazıların həkk olunduğu müəyyən edilib.

Azad edilmiş ərazilərdə bir xristian məbədi tamamilə dağıdılıb, 20 məbəd isə müxtəlif səviyyədə zədələnib.

Xüsusilə Xudavəng monastırında işğal illərində qanunsuz müdaxilələrin və saxta bərpa işlərinin aparıldığı, freskaların və xaçdaşların sökülərək ölkədən çıxarıldığı bildirilib. Dövlət Xidmətinin məlumatına görə, bu faktlar yerli və beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib.

Qurumdan həmçinin bildirilib ki, ölkə ərazisində yerləşən tarix-memarlıq abidələrinin faktiki və texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı monitorinqlər aparılıb.

Monitorinqlərin nəticələrinə əsasən, abidələrin bir hissəsində bərpa, konservasiya və möhkəmləndirmə işlərinə ehtiyac olduğu müəyyənləşdirilib. Bu işlərin abidələrin texniki vəziyyəti, tarixi əhəmiyyəti, risk səviyyəsi, müəyyən edilən prioritetlər və ayrılan maliyyə vəsaiti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Lakin Modern.az-ın Azərbaycanda qəzalı vəziyyətdə olan tarixi abidələrin ümumi sayı və onların adları ilə bağlı sualına Dövlət Xidmətinin cavabında konkret rəqəm və siyahı təqdim edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir