“Digər mühüm məsələ maliyyələşmədir. Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir”.
xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, buna görə dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır:
“İri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqləri də təkmilləşdirilməlidir. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi vacib istiqamətlərdən biridir. Sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir”.
“Dəyər zəncirinin inkişafına toxunaraq demək istəyirəm ki, proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. Təbii olaraq bu, bütün xammal növləri üzrə mümkün olmayacaq. Amma əminliklə deyirik ki, bir sıra istiqamətlər üzrə bu mümkündür və həyata keçiriləcək. Yəni kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməliyik”, – deyə nazir əlavə edib.




