18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda keçirilən qarşılaşmalarda qaliblər müəyyənləşib.
Qızların final qarşılaşmasında Veysəloğlu Şirkətlər Qrupu və “Avrora Qrup”un həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası”nın qadınlardan ibarət voleybol klubu “Lokomotiv” komandasını 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. Oğlanların final görüşündə isə “Şərqi Zəngəzur RVK” komandası “ORDU”nu 3:0 hesabı ilə üstələyərək çempionluğa yiyələnib. Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafatları Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, maliyyə direktoru Sənan Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, “AVRORA” Şirkətlər Qrupunun direktoru Ceyhun Abbasov, “Murov Az Terminal” VK-nın prezidenti Cavid Kərimov, “AZERRAIL” VK-nın prezidenti Ramin Əzizov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev, “Şərqi Zəngəzur RVK”nın prezidenti Niyaməddin Paşayev təqdim ediblər.
Beləliklə, qızların yarışında “Milli Aviasiya Akademiyası” komandası qızıl medal və kuboka layiq görülüb. “Lokomotiv” gümüş, “Möminə Xatun” isə bürünc medal qazanıb.
Oğlanların yarışında isə “Şərqi Zəngəzur RVK” komandası qızıl medal və kuboka sahib olub. “ORDU” gümüş, “Murov Az Terminal” komandası isə bürünc medal əldə edib.
Sonda qalib və mükafatçı komandalarla xatirə şəkilləri çəkdirilib.




Xeberde.az



