İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Fəxri Kazımov Milli Məclisin mərhum deputatı Xanhüseyn Kazımlının oğludur.
xeberde.az-ın xəbərinə görə, X.Kazımlı birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olub.
Fəxri Kazımovun atası həmçinin Azərbaycan Sosial Rifah Partiyasının yaradıcısı və uzun illər sədri postunu tutub.
O, 2025-ci ildə vəfat edib.
Qeyd edək ki, F.Kazımov 23 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1994-1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili alıb.
1993-1995-ci illərdə Azərbaycanın kommersiya banklarında çalışıb.
1995-ci ildə Milli Bankın (hazırda Mərkəzi Bank) Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.
1995-2000-ci illərdə qurumun İdarə Heyəti sədrinin baş müşaviri vəzifəsində çalışıb.
2000-2002-ci illərdə Milli Bankın Daxili Audit departamentinin direktoru vəzifəsində işləyib.
2002-2008-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.
2008-2016-cı illərdə Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində olub.
2016-cı ilin avqust ayının 5-də Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.




