Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris-istehsalat emalatxanasının açılışı olub.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev, eləcə də tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Veysəloğlu Şirkətlər Qrupu tədbirdə dörd nümayəndə ilə təmsil olunub. Şirkəti Korporativ Kommunikasiya Direktoru Sənubər Nəzərova, Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli, Araz Supermarketlər Şəbəkəsinin İdxal Direktoru Elvin Zeynalov və OBA Marketlər Şəbəkəsinin Quru Qida Departamentinin Müdiri Mahir Əliyev təmsil ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev peşə təhsilinin inkişafı, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının əhəmiyyətindən danışıblar.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiya Direktoru Sənubər Nəzərova bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığını, təhsil–istehsalat əməkdaşlığını və gənclərin praktik bilik və bacarıqlarının inkişafını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. O qeyd edib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadratmetrlik müasir qida emalı texnologiyaları tədris-istehsalat sahəsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə geniş imkan yaradacaq.
Sənubər Nəzərova vurğulayıb ki, belə layihələr təhsil ilə istehsalat arasında əməkdaşlığın güclənməsinə, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına, regionlarda məşğulluğun inkişafına və ölkənin qida sənayesi üçün ixtisaslı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçılar yeni yaradılmış emalatxana və laboratoriyalarla tanış olub, qida məhsullarının emalı və qurudulması prosesini izləyiblər, hazırlanan məhsullarla tanış olublar.








