Cəmiyyət Gündəm

Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi

“Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb. 

xeberde.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı “Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkar edilib. Belə ki, məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.

Şikayət əsasında Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir