Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının lideri Əfqanıstanın Ali Lideri Heybətullah Axundzadə hərəkat üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edib.
xeberde.az xəbər verir ki, bu barədə iyunun 8-də “Afghanistan International” telekanalı müvafiq sənədə istinadən məlumat yayıb.
Bildirilir ki, qərarın hüquqi əsaslandırması olsa da, Axundzadənin göstərişi şifahi formada verilib. Sənəddə yeni qaydanı pozan şəxslər cinayətkar kimi təsvir edilir və onların hərbi məhkəmə qarşısına çıxarıla biləcəyi barədə xəbərdarlıq yer alır.
Məlumata görə, göstəriş Əfqanıstanın səkkiz bölgəsində fəaliyyət göstərən hərbi məhkəmələrin rəhbərlərinə çatdırılıb. Polis rəisləri və kəşfiyyat qurumlarının nümayəndələri də bu barədə məlumatlandırılıb. Məsul şəxslərə qadağanın icrasını təmin etmək və onun tətbiqi barədə mütəmadi olaraq rəhbərliyə hesabat vermək tapşırılıb.




