Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə iyulun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəmizə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransındakı çıxışında xatırladıb ki, iki ölkə arasındakı dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar.
Prezident xalqlarımızın ortaq tarix, mədəniyyət, dil və dinin birləşdirdiyini qeyd edib, qardaş ölkələrin məsələlərinin ikitərəfli formatda müzakirə edilməsinin çox böyük məna daşıdığını, bunun çox böyük faydası və gözəl nəticələri olacağını vurğulayıb.
Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə ölkələrimizin Xəzər dənizi ilə birləşdiyini deyib və ikitərəfli görüşün məhsuldar olacağına əmin olduğunu bildirib. Bu isə eyni regionda yerləşən iki ölkənin qardaş xalqları arasında gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun ümummilli liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir.
Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Türkmənistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunulub. Bu xüsusda iki qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Bəyanatda dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminlik qeyd olunur.
Mirfaiq Azadov,
Cəliabad RİH-nin əməkdaşı




