Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında qəti mesaj verərək deyib ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi.
Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.
Dövlətimizin rəhbəri öz çıxışında bildirib ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.
Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmadan və bütün dünyada qəbul edilmiş demokratik prinsiplərə əsaslanan müstəqil siyasət həyata keçirir. Başqa sözlə, Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, təşkil edir.
Azər İbişov,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu
üzrə gənclər və idman sektorunun əməkdaşı



