Latviya Respublikası Prezidentinin cari ilin 22 aprel tarixində Azərbaycana səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yeni stimul verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Latviya biznes forumundakı nitqində göstərilir ki, ölkələr arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Latviya Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir.
Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək.
İki ölkə başçısının görüşü zamanı Azərbaycan Respublikaslnln Prezidenti cənab İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb. Ağ Evdə Birgə Bəyannamənin imzalanmasından sonra bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb.
Azərbaycan və Latviya arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən, Avropa İttifaqı məkanında ölkəmizin ədalətli mövqeyini müdafiə edən etibarlı tərəfdaşdır.
Əlişirin Teymurov,
YAP Cəlilabad rayon təşkilatının, Mikayıllı ƏPT-nin sədri




