Cəmiyyət

Sabiq deputatdan SOS: Qəlyan yoxsa səssiz ölüm 

 “Milli Məclisin elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsini qadağan edən qanun layihəsini qəbul etməsi və bu qanunun 1 aprel 2026-cı il tarixindən qüvvəyə minməsi müsbət və vacib addımdır. Lakin hesab edirəm ki, bu sahədə görüləsi işlər hələ çoxdur və qanunvericilik bazası daha da təkmilləşdirilməlidir və qəbul edilmiş qanunun  real həyatda tətəbiqi üçün icra mexanaizmləri müəyyənləşdiirlməlidir. Xüsusilə ictimai yerlərdə tütün məmulatlarından istifadə qaydalarına daha aydın və konkret yanaşma ortaya qoyulmalıdır”.

 Bunu xeberde.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə ictimai yerlərdə tütün istifadəsinin qadağan olunduğu məkanların siyahısına küçələrin daxil edilməməsi suallar doğurur. “Halbuki ictimaiyyətin olduğu hər bir məkan ictimai yer hesab olunmalıdır. Küçə də insanların sıx toplaşdığı bir mühitdir və bu baxımdan istisna təşkil etməməlidir”, – o vurğulayıb.
İ.Yusifov əlavə edib ki, bir çox inkişaf etmiş ölkələrdə küçələrdə siqaret çəkmək ya tam qadağan edilib, ya da yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir: “Bizdə isə istənilən yerdə siqaret çəkmək mümkündür, lakin siqaret kötüyünü yerə atdıqda cərimə tətbiq olunur. Bu isə müəyyən ziddiyyət yaradır. Hesab edirəm ki, küçələrdə siqaret istifadəsi də qanunla tənzimlənməli və yalnız xüsusi zonalarda icazə verilməlidir.
Digər ciddi problem ictimai iaşə obyektlərində-restoran, kafe, bar və çay evlərindəki mövcud vəziyyətdir. Qanun bu məkanlarda tütün istifadəsini qadağan etsə də, praktiki olaraq bu qadağa geniş şəkildə pozulur və siqaret çəkmək adi hala çevrilib. Bu isə qanunun icrası ilə bağlı mexanizmlərin zəif olduğunu göstərir”.

O əlavə edib ki, tütün məhsullarının reklamı ilə bağlı məsələlər də diqqət tələb edir: “Rəsmi olaraq reklam qadağan olunsa da, mağaza və supermarketlərdə tütün məhsulları açıq şəkildə nümayiş olunur. Bir çox ölkələrdə bu məhsullar xüsusi örtülü vitrinlərdə saxlanılır və alıcıların birbaşa görməsi məhdudlaşdırılır. Bu təcrübənin tətbiqi bizdə də vacibdir.
Eyni hal kino və televiziya məhsullarında da müşahidə olunur. Filmlərdə siqaret istifadəsi geniş şəkildə göstərilir. Məsələn, “Uşaqlığın son gecəsi” filminə baxarkən bu mənzərə aydın şəkildə görünür. Bu isə xüsusilə gənclər arasında siqaretə marağın artmasına təsir edə bilər.
Bu gün ən ciddi problemlərdən biri isə qəlyan istifadəsidir. Qəlyan təqdim olunan iaşə obyektləri, xüsusilə gecə saatlarında gənclərlə dolu olur və bu məkanlarda tüstüdən nəfəs almaq belə çətinləşir. Cəmiyyətdə qəlyanla bağlı formalaşdırılmış “təhlükəsiz alternativ” düşüncəsi isə reallığı əks etdirmir”.

Qəlyanın insan sağlamlığına siqaretdən daha pis təsir etdiyini deyd edən İ.Yusifov bunları qeyd edib:
“Birinci arqument ondan ibarətdir ki, guya qəlyan siqaretdən daha təhlükəsizdir.
Əslində, tüstü sudan keçərək qismən soyusa da, zərərli maddələr tam yox olmur. Bütün soyutma və təmizlənmə mərhələlərindən keçdikdən sonra belə, tüstüdə hələ də əhəmiyyətli miqdarda karbonmonoksit, kanserogen birləşmələr, duzlar və ağır metall (gümüş, berillium, kobalt, qurğuşun) birləşmələri qalır.

İkincisi, guya qəlyan asılılıq yaratmır.

Qəlyan da nikotin ehtiva edir və asılılıq yaradır. Hətta bir qəlyan istifadəsi çox vaxt bir neçə siqaretin təsirinə bərabər olur.
Qəlyan bədəni digər tütün məmulatları kimi eyni dərəcədə asılılıq yaradan nikotinə məruz qoyur. Araşdırmalar göstərir ki, 50 qramlıq bir paket qəlyan çəkmə qarışığında 25 mq nikotin var və bir paket dörd qəlyan doldurmaq üçün kifayətdir. Bir qəlyan içliyində 6,25 mq nikotin, bir siqaretdə isə 0,8 mq nikotin var. Bir qəlyan çəkmək bir qutu siqaretin yarısı ekvivalenti deməkdir.
Əsas məqam ondan ibarətdir ki, qəlyan tüstüsü nəmdir, yəni o, siqaret çəkənin ağciyərlərində daha uzun müddət çökür, qalır və siqaret tüstüsü ilə eyni zərərli komponentləri ehtiva edir.

Üçüncüsü, qəlyan nikotinsiz qarışıqlar olduğundan zərərsizdir.
Qeyd edim ki, tamamilə nikotinsiz qəlyan çəkmə qarışığı yaratmaq çox çətindir. İstehsalçılar təbii inqrediyentlərdən (quru meyvələr, giləmeyvə, bitki mənşəli infuziyalar və s.) İstifadə edərək zəhərli tərkibi azaltmağa çalışırlar, lakin hazırda nikotini tamamilə aradan qaldırmaq mümkün deyil.

Dördüncüsü, qəlyan gigiyenik cəhətdən təhlükəsiz bir cihazdır.
Əksinə, qeyri-kafi dezinfeksiya səbəbindən müxtəlif infeksiyaların yayılması üçün əlverişli mühit yaradır.
Təhlükə yaradan təkcə siqaret çəkmə prosesinin özü deyil, həm də gigiyena qaydalarıdır. Qida sənayesində qab-qacaq və bıçaqların istilik düzinfeksiyası üçün xüsusi standartlar mövcud olsa da, qəlyan aksesuarları üçün dəqiq qaydalar yoxdur. Hər istifadədən sonra kolbanın dəyişdirilməsi, şlanqların və qabların yuyulması məsləhətdir.
Bununla belə, axan su, yuyucu vasitələrdən istifadə etməklə belə, insanlar üçün zərərli və təhlükəli mikroorqanizmləri məhv etmək iqtidarında deyil, çünki sabun bütün mikrobları öldürmür. Aqressiv kimyəvi maddələrlə təmizlənmiş əşyalardan istifadə edilməsi isə bədənin zəhərlənməsinə və avadanlıqların zədələnməsinə səbəb ola bilər.
Bir çox insanlar plastik ağızlıqdan istifadənin bədənə yad mikrofloranın nüfuz etməsindən tamamilə qoruduğuna inanırlar. lakin bu doğru deyil. Qəlyan çəkmə zamanı bakteriyalar təkcə qəlyan borusuna deyil, onun içinə də daxil ola bilər.
Qəlyan qablarının, şlanqların və boruların içərisində olan nəm və isti mühit mikroorqanizmlərin çoxalmasına və yoluxucu xəstəliklərin (vərəm, kandidoz, stafilokok, herpes və s.) yayılmasına şərait yaradır. Buna görə qəlyan, xüsusilə böyük bir qrupda istifadə edildikdə gigiyenik cəhətdən təhlükəli bir cihazdır.

Beşincisi, qəlyan tüstüsü ətrafdakılar üçün zərərsizdir.
Qəlyandan çıxan ikinci əl tüstü adi siqaretdən çıxan tüstü qədər zərərlidir. İnsan qəlyan hazırlamaq üçün istifadə olunan istilik mənbəyindən (məsələn, kömür) həm tütün tüstüsünü, həm də kömür tüstüsünü nəfəs alır. Zəif havalandırılan və qapalı yerlərdə (məsələn, qəlyan barları) qəlyan çəkmək vəziyyəti daha da gərginləşdirir. Nəfəsdən çıxan tüstü və karbon qazı bu boşluqlarda tez toplanır. Bu, tütünün orqanizmə toksik təsirini artıraraq oksigen çatışmazlığına gətirib çıxarır.
Altıncısı, qəlyan kəskin və ya xroniki xəstəliklərin şiddətlənməsi riskinə təsir göstərmir.
Tütün oksidləşmə məhsulları istər-istəməz ağciyərlərdə yerləşir, ağız boşluğunun selikli qişasından sorulur və qanla orqanizmin orqan və toxumalarına nüfuz edir.

Bütün bunları nəzərə alaraq demək olar ki, “siqaret sağlamlığa zərərlidir” ifadəsi siqaretin bütün növlərinə, o cümlədən qəlyana da aiddir. O baxımdan da qəlyan çəkmək sağlamlığa heç də az zərərli deyil və bu  təhlükəsiz alternativ sayıla bilməz.
Demək “Siqaret sağlamlıq üçün zərərlidir” deyimi siqaretin bütün növləri üçün doğru olaraq qalır.

Əhalinin sağlamlığının qorunması üçün qəbul edilən tədbirlər yalnız elektron siqaretlərlə məhdudlaşmamalı, bütün tütün məhsullarını və qəlyanı da əhatə edən daha sərt və effektiv mexanizmlərlə davam etdirilməlidir.
Hesab edirəm ki, əhalinin sağlamlığının qorunmasına yönəlmiş tədbirlər siqaretin bütün növləri ilə bərabər qəlyana da  aid edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir