Cəmiyyət

Sıx qonşuluq əlaqələri əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir. Bu kontekstdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri dərin maraq doğurur.

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 23 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 21 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.

         Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur.

      Prezident İlham Əliyev öz bəyanatında deyib ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir, ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirik. Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Şübhə yoxdur ki, Azərbaycan və Gürcüstan arasındakı müttəfiqlik və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və bu münasibətlərdən hər iki ölkə fayda görəcək.

                                                                                    Ramil Əmənov,

                      Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir