Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm siyasi təməllər üzərində inkişaf etdiyini və bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Bəyanatda səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yalnız cari əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda uzunmüddətli strateji baxışa əsaslandığını göstərir. Son illərdə dövlət başçıları səviyyəsində təmasların intensivliyi münasibətlərin dinamik xarakter daşıdığını təsdiqləyir. Xüsusilə son dörd il ərzində keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq platformalar çərçivəsində aparılan dialoq tərəflər arasında yüksək siyasi etimadın formalaşdığını göstərir. Bu proses şəxsi münasibətlərlə yanaşı, dövlətlərarası əməkdaşlığın da möhkəmlənməsinə mühüm təsir göstərir.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin əsasını təşkil edən mühüm amillərdən biri möhkəm siyasi-hüquqi bazadır. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əməkdaşlığın fundamental əsasını təşkil edir. Həmin sənədlərdə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əks olunması iki ölkənin beynəlxalq hüquqa sadiqliyini açıq şəkildə ortaya qoyur. Bu yanaşma həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əsasını təşkil edir. Bəyanatda iqtisadi və enerji sahəsində əməkdaşlıq imkanları da geniş şəkildə vurğulanıb. Xüsusilə SOCARın Ukraynadakı fəaliyyəti bu sahədə əldə olunmuş real nəticələrin göstəricisi kimi qiymətləndirilir. Energetika sahəsində mövcud əməkdaşlıqla yanaşı, yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması və birgə təşəbbüslərin reallaşdırılması üçün geniş potensialın olduğu qeyd olunur. Ticarət dövriyyəsinin yarım milyard dolları ötmesi isə iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Hərbi-texniki və sənaye əməkdaşlığı da diqqət çəkən istiqamətlərdən biridir. Hər iki ölkədə müdafiə sənayesinin inkişafı fonunda birgə istehsal və texnoloji əməkdaşlıq imkanlarının mövcudluğu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. Bu, tərəflərin münasibətləri daha geniş və strateji müstəvidə inkişaf etdirmək niyyətində olduqlarını göstərir.
Azərbaycan xarici siyasətində dost və tərəfdaş ölkələrlə münasibətlərin inkişafına daim xüsusi önəm verir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Bu yanaşma ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək və geniş tərkibdə keçirdikləri görüşlər, həmçinin mətbuata verdikləri bəyanatlar Ukrayna Prezidentinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın müzakirəsi və genişləndirilməsi baxımından mühüm imkan yaratdığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət başçıları arasında görüşlərin müntəzəm xarakter daşıması münasibətlərin dinamik inkişafından xəbər verir. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi yüksək siyasi dialoqun və qarşılıqlı etimadın göstəricisidir. Bu təmaslar beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilərək əməkdaşlığın ardıcıllığını təmin edir. Qarşılıqlı hörmət və ortaq maraqlar prinsiplərinə əsaslanan bu münasibətlər fonunda səfərin Azərbaycan–Ukrayna dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəyi şübhə doğurmur.
Eyni zamanda, siyasi dialoqun institusional əsaslar üzərində qurulması da mühüm əhəmiyyət kəsb edir. Xarici İşlər nazirlikləri səviyyəsində məsləhətləşmələr, Hökumətlərarası Komissiyanın fəaliyyəti və digər mexanizmlər vasitəsilə əməkdaşlıq daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilir. Verilən bəyanat göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, ortaq maraqlar və beynəlxalq hüququn prinsiplərinə əsaslanan möhkəm siyasi təməl üzərində inkişaf edir. Mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və yeni sahələrin əhatə olunması isə bu tərəfdaşlığın gələcəkdə daha da güclənəcəyini deməyə əsas verir.
Samirə Hüseynova
Xeberde.az




