Mətbəxin ən çox istifadə olunan məhsullarından biri olan kartof düzgün saxlanılmadıqda qısa müddətdə cücərir və ya yumşalaraq yararsız hala düşür. Halbuki sadə qaydalara əməl etməklə bu tərəvəzi həftələrlə, hətta aylarla təzə saxlamaq mümkündür.
Kartof günəş işığı ilə təmasda olduqda daha tez cücərməyə başlayır. Bu isə həm dad keyfiyyətinə, həm də strukturuna mənfi təsir göstərir. Ona görə də kartofun saxlanılması üçün ən uyğun yer işıq düşməyən, qaranlıq və sərin mühitdir. Mətbəx şkafı və ya kiler bu baxımdan ideal seçim sayılır. Soyuducuda saxlamaq isə məsləhət görülmür, çünki aşağı temperatur kartofun tərkibindəki nişastanı şəkərə çevirir və nəticədə dadında dəyişiklik yaranır.
Kartofun bazardan gətirildiyi plastik torbalarda saxlanılması da düzgün deyil. Plastik material hava keçirmədiyi üçün tərəvəz “tərləyir” və bu da çürüməni sürətləndirir. Əvəzində hava axını olan həsir səbətlər və ya bez torbalar daha münasib variant hesab olunur. Bu, kartofun nəfəs almasına imkan verir və saxlanma müddətini uzadır.
Digər vacib məqam isə kartofun soğanla birlikdə saxlanılmamasıdır. Soğanın ifraz etdiyi qaz kartofun daha tez cücərməsinə səbəb olur. Buna görə də hər iki məhsul fərqli yerlərdə yerləşdirilməlidir. Eyni zamanda, kartof saxlanılmadan əvvəl yuyulmamalıdır. Su onun təbii qoruyucu qatını zədələyir. Üzərindəki torpağı quru parça ilə təmizləmək kifayətdir, yuma prosesi isə yalnız bişirməzdən əvvəl aparılmalıdır.
Kartofun ömrünü uzatmaq üçün tətbiq edilən üsullardan biri də saxlanılan səbətin içinə bir ədəd təzə alma qoymaqdır. Almanın ifraz etdiyi qaz cücərmə prosesini ləngidə bilər. Lakin almanın sağlam olması vacib şərtdir. Çürümüş meyvə əksinə, kartofun xarab olmasını sürətləndirə bilər.//Demokrat.az




