Müasir dövrdə dövlətlər arasında iqtisadi münasibətlərin inkişafı yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmır. Maliyyə və kapital bazarlarında əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, kiçik və orta biznesin dəstəklənməsi, eləcə də yaşıl maliyyələşdirmənin təşviqi iqtisadi inkişafın əsas istiqamətlərindən hesab olunur. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə bu məsələlərin xüsusi yer alması iki ölkənin iqtisadi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bəyannamədə maliyyə və kapital bazarlarında əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırılması mühüm iqtisadi əhəmiyyət daşıyır. Bu istiqamətdə müvafiq dövlət orqanları və maliyyə qurumları arasında dialoqun genişləndirilməsi qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılmasına, maliyyə resurslarından daha səmərəli istifadəyə və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinə şərait yarada bilər.
Davamlı investisiyaların təşviqi hər iki ölkənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Xarici investisiyaların cəlb edilməsi yeni istehsal sahələrinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə, infrastrukturun yenilənməsinə və məşğulluğun artırılmasına imkan verir. Böyük Britaniyanın maliyyə və investisiya sahəsindəki təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yeni imkanlar yarada bilər.
Ticarət maliyyəsinin inkişafı da ikitərəfli iqtisadi əməkdaşlığın vacib istiqamətlərindəndir. Ticarət əməliyyatlarının maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi sahibkarların beynəlxalq bazarlara çıxışını asanlaşdıra, ixrac və idxal əməliyyatlarının genişlənməsinə kömək edə bilər. Bu isə Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir.
Bəyannamədə kiçik və orta biznesin (KOB) inkişafına dəstəyin xüsusi vurğulanması da diqqətəlayiqdir. Kiçik və orta sahibkarlıq iqtisadiyyatın mühüm dayaqlarından biri olmaqla yeni iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun təmin edilməsində və regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu sahədə maliyyə imkanlarının genişləndirilməsi, güzəştli maliyyələşdirmə mexanizmlərinin inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi sahibkarlıq fəaliyyətinin daha da canlanmasına şərait yarada bilər.
Digər mühüm istiqamət yaşıl maliyyələşdirmədir. Qlobal iqlim dəyişiklikləri və ekoloji problemlər fonunda dayanıqlı iqtisadi modelə keçid bütün dövlətlər qarşısında mühüm vəzifələr qoyur. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, ekoloji təmiz texnologiyaların tətbiqi və ətraf mühitin mühafizəsi üçün maliyyə resurslarının cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın yaşıl enerji potensialı və Böyük Britaniyanın maliyyə sahəsindəki təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün əlverişli imkanlar yaradır.
Ümumilikdə, Birgə Bəyannamədə maliyyə və kapital bazarlarında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müddəalar Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi tərəfdaşlığın daha geniş perspektivlərə malik olduğunu nümayiş etdirir. Davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta sahibkarlığın, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi hər iki ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.
Beləliklə, maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi yalnız iqtisadi göstəricilərin yaxşılaşdırılması deyil, həm də gələcək nəsillər üçün dayanıqlı, rəqabətqabiliyyətli və innovativ iqtisadi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və beynəlxalq maliyyə sistemində mövqeyinin güclənməsinə töhfə verə biləcək mühüm istiqamətlərdən biridir.
Saatlı Rayon Mərkəzi Kitabxananın direktoru
İbrahim Xıdırov



