Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək iki qardaş xalqın ortaq tarixi və mənəvi dəyərləri üzərində möhkəm siyasi və iqtisadi təməl formalaşdırıb. Bu əlaqələr yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, xalqlarımızı birləşdirən tarixi yaddaşın, mədəni yaxınlığın və qarşılıqlı etimadın müasir dövrdəki ifadəsi kimi diqqəti cəlb edir. Azərbaycan və Özbəkistanın rəhbərləri arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq münasibətlərin inkişafına ciddi impuls verib. Bu gün iki ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə çatması qarşılıqlı etimadın və siyasi iradənin konkret nəticəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də ikitərəfli münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafında tarixi və mədəni yaxınlıq mühüm rol oynayır. Xəzər dənizi isə Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən mühüm coğrafi və strateji məkan olmaqla yanaşı, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Son üç ildə Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana 30, Azərbaycan Prezidentinin isə region ölkələrinə 13 səfər etməsi qarşılıqlı siyasi təmasların intensivliyini və əlaqələrin artan dinamikasını nümayiş etdirir.
İqtisadi sahədə əldə olunan nəticələr də münasibətlərin praktiki məzmununu göstərir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2024-cü ildə 252 milyon dollar təşkil etdiyi halda, 2025-ci ilin ilk doqquz ayında 319 milyon dollara yüksəlib. Bu, 87,5 faiz artım deməkdir. Azərbaycanda 120-dən çox Özbəkistan kapitallı şirkətin fəaliyyət göstərməsi biznes dairələri arasında əlaqələrin genişləndiyini göstərir. Qarşılıqlı investisiyaların həcminin artması və 2023-cü ildə ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması isə uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün mühüm institusional baza yaradıb.
Nəqliyyat və logistika əməkdaşlığı da iki ölkənin strateji maraqlarının uzlaşdığı əsas istiqamətlərdəndir. Azərbaycanın Orta Dəhliz çərçivəsində mühüm tranzit imkanlarına malik olması Özbəkistan və digər Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə tranzit daşımaların həcminin 1,3 milyon tonu keçməsi və 18 faiz artım göstərməsi Azərbaycanın bu sahədə artan rolunun göstəricisidir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat layihələri Şərq–Qərb bağlantısının möhkəmlənməsinə xidmət edir. Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələri üçün yeni və daha səmərəli nəqliyyat marşrutlarının formalaşmasına imkan yaradacaq.
Azərbaycan–Özbəkistan münasibətlərinin güclənməsində qarşılıqlı həmrəylik və qardaşlıq nümunələri də xüsusi yer tutur. Özbəkistanın Qarabağın bərpası prosesində iştirakı, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşasına verdiyi töhfə iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də mənəvi dəyərlərə söykəndiyini göstərir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda fəal əməkdaşlığı isə regional və qlobal məsələlər üzrə mövqelərin yaxınlığını nümayiş etdirir. Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız iki dövlətin uğurlu əməkdaşlıq modeli deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə və Türk dünyasının strateji birliyinin güclənməsinə xidmət edən mühüm amildir.
Samirə Hüseynova
Xeberde.az



