Almaniya Futbol Assosiasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmannın vəzifəsindən ayrıldığını açıqlayıb.
xeberde.az alman mediasına istinadən xəbər verir ki, qərar Almaniya yığmasının 2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında gözlənilmədən məğlub olaraq mübarizəni dayandırmasından sonra verilib.
Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf yaydığı bəyanatda Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib.
“Almaniya Futbol Assosiasiyası 2023-cü ilin sentyabrından bəri gördüyü işlərə görə Yulian Nagelsmanna minnətdarlığını bildirir. O, yüksək peşəkarlığı, böyük ambisiyası, məsuliyyətli və səmimi xarakteri ilə seçilən mütəxəssisdir”, – bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin bildirilib ki, yeni baş məşqçinin təyin olunması ilə bağlı DFB rəhbərliyi Yurgen Kloppla danışıqlara başlayacaq.
Məlumata görə, Klopp Almaniya millisini çalışdırmağa prinsip etibarilə razılıq verib. Hazırda o, Red Bull Qrupunda qlobal futbol layihələrinin rəhbəri vəzifəsində çalışır. Bununla belə, müqaviləsində Almaniya millisindən təklif alacağı təqdirdə vəzifədən ayrılmasına imkan verən xüsusi bənd yer alıb.
Kloppun Almaniya millisinə rəhbərlik etməsi baş tutacağı təqdirdə, bu, onun 2024-cü ildə “Liverpool FC”dan ayrıldıqdan sonra ilk məşqçi işi olacaq.
Xatırladaq ki, 38 yaşlı Naqelsmann 2023-cü ilin sentyabrında Almaniya yığmasının baş məşqçisi təyin edilmişdi. O, komandanı UEFA Euro 2024nın 1/4 finalına qədər yüksəltmiş, Almaniya həmin mərhələdə sonradan turnirin qalibi olan İspaniyaya uduzmuşdu.
Almaniya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində ilk oyunda Kurasaonu 7:1 hesabı ilə məğlub edib, daha sonra Fil Dişi Sahilini 2:1 hesabı ilə üstələyib. Ekvadora 1:2 hesabı ilə uduzmasına baxmayaraq, top fərqinə görə qrup lideri kimi pley-offa yüksəlib. Komanda 1/16 finalda Paraqvayla əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında məğlub olub.
Məğlubiyyətdən sonra Naqelsmann istefa qərarını belə şərh edib:
“Mən məsuliyyətdən qaçan insan deyiləm. Amma bugünkü nəticə göstərdi ki, dəyişməli olan məqamlar var.”




