Gözəl insan, dünya şöhrətli oftalmoloq, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də – ilin ən gözəl fəsli olan baharda dünyaya göz açıb və ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişib. Akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir.
Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləyib.
Zərifə xanım Əliyevanın insanlara qarşı olan böyük sevgisi onun peşə seçimində də özünü göstərdi. Çətinliklərin üstünə getməkdən qorxmayan Zərifə xanım Əliyeva öz həyatını çətin, lakin hər kəsə lazım olan tibb sahəsi ilə bağlamağa qərar verdi.1942-1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alan Zərifə xanım, xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq məqsədilə Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələndi. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım Əliyeva, 1950-ci ildə aspiranturaya daxil olur və 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafi edir. Zərifə xanım Əliyeva ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlamışdı
Zərifə xanım Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Zərifə xanım Azərbaycanın bütün rayonlarını gəzərək traxoma ocaqlarını aşkar etmiş, özünün tərtib etdiyi müalicə üsullarını həyata keçirmişdir. Onun mövcud müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiki hesab edilən sintomisindən istifadə etməklə müalicə üsullarını həyata keçirməsi bu ağır xəstəliyin qarşısının alınmasında başlıca rol oynamışdır
Ramella İsmayılova
Saatlı şəhər Bülbül adına UMM-nin Direktoru




