Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə “#bizislahatlarahazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası keçirilib.
Aprelin 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutan tədbirdə müxtəlif sahələri təmsil edən şirkət rəhbərləri, biznes nümayəndələri və İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın əsas məqsədi biznes subyektlərinin mövcud sual və təkliflərinin müzakirəsi, onların operativ cavablandırılması, eləcə də dövlət–biznes dialoqunun daha da gücləndirilməsi olub.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun iştirakı ilə keçirilən sessiyanın birinci hissəsində gömrük sahəsində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, mövcud prosedurlar və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forumun ikinci hissəsində sahibkarları maraqlandıran suallar Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Sessiyanın sonunda Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlük sertifikatı ilə təltif olunub. Mükafatı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov şirkətin təsisçisi və baş direktoru Aydın Veysəloğluna təqdim edib.




