Siyasət

Azərbaycan–Avropa İttifaqı əlaqələri inkişafın yeni mərhələsində

Azərbaycan dünya enerji bazarında mühüm mövqeyə malik ölkələrdən biri kimi tanınır. Ölkəmiz zəngin enerji resursları və etibarlı tərəfdaş imici ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bu kontekstdə regionun ən iri enerji təşəbbüslərindən biri olan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Həmin layihə Xəzər hövzəsinin zəngin təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara, xüsusilə Avropa ölkələrinə təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin edən strateji enerji marşrutudur. Hazırkı dövrdə qlobal enerji marşrutlarının və nəqliyyat xətlərinin müxtəlif geosiyasi risklərlə üzləşdiyi bir şəraitdə Antonio Koştanın 2026-cı il martın 11-də Azərbaycana etdiyi səfər xüsusi diqqət çəkir. Bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının davamlı inkişaf etdiyini göstərən mühüm siyasi addım kimi qiymətləndirilə bilər. Eyni zamanda bu görüşlər tərəflər arasında 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun praktik nəticələr verdiyini və əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illər tərəflər arasında yüksək səviyyəli görüşlərin mütəmadi keçirilməsi və Avropa Komissiyası nümayəndələrinin Azərbaycana səfərləri əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Bu münasibətlər artıq yalnız siyasi dialoq çərçivəsində qalmır. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik və digər mühüm sahələri əhatə edən geniş və çoxşaxəli tərəfdaşlığa çevrilib.Mövcud iqtisadi statistika da tərəflər arasında əlaqələrin gücləndiyini aydın şəkildə göstərir. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ölkələrinin payına düşüb. Enerji sahəsində Azərbaycan Avropa İttifaqının mühüm sütunlarından biri hesab olunur. 2022-ci ildə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” bu əməkdaşlığa yeni dinamika gətirib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Yaxın illərdə yeni yataqların istismara verilməsi nəticəsində ölkəmizin qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq. Növbəti 2–3 il ərzində qaz hasilatının ən azı 10 milyard kubmetr artacağı gözlənilir. 5–6 il ərzində Azərbaycan 6–8 giqavat həcmində bərpa olunan enerji istehsal etməyi və bu enerjini ixrac etməyi planlaşdırır. Bu təşəbbüs Avropa İttifaqının yaşıl enerji strategiyası ilə də tam uyğunluq təşkil edir. Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa olunsa da, bu gün Ermənistanla əldə etdiyimiz sülh uzunmüddətli və davamlı olacaq.Əgər hər Ermənistan sülhə sadiqliyini qoruyarsa, iqtisadi əməkdaşlığımız daha da genişlənəcək. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf edən strateji tərəfdaşlıq münasibətləri təkcə mövcud əməkdaşlıq çərçivəsini genişləndirməklə kifayətlənmir, eyni zamanda gələcək üçün möhkəm və etibarlı əməkdaşlıq modeli formalaşdırır. Qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik kimi mühüm sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirir, Avropa İttifaqı isə ölkəmizin iqtisadi və texnoloji inkişafına mühüm töhfə verən tərəfdaşlardan biri kimi çıxış edir. Bütün bunlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq sadəcə əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlığın yeni və daha geniş mərhələsinə qədəm qoymuşdur. Bu tərəfdaşlıq regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanlarının artmasına xidmət edir. Beləliklə, qarşılıqlı hörmətə və bərabərhüquqlu dialoqa əsaslanan Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı gələcəyə inamla addımlayan, davamlı inkişaf və ortaq rifah məqsədlərini özündə birləşdirən mühüm tərəfdaşlıq modeli kimi formalaşmaqdadır.

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir