Testin 8-11-ci sinif şagirdləri arasında aparılması təklif olunur – Rusiyada müəllimlər ildə iki dəfə testdən keçir
Narkomaniya bütün dünyada əsas problemlərindən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Bu zərərli vərdişlə bağlı maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar hazırlanır, lakin azalma müşahidə olunmur.
O da sirr deyil ki, narkotik istifadəçilərinin yaşı gəncləşib. Mütəxəssis vurğulayır ki, bunun bir səbəbi budur ki, yeniyetmələri pis yola çəkmək daha asandır. Narkotik maddələri əldə etmək asanlaşıb. Sosial şəbəkələrdə bu haqda reklamlar gedir. Narkotik maddələrdən istifadə zamanı başlanğıc dövrlərdə yeniyetmələrin həyat ritmi dəyişir, davranışlarında kəskin dəyişiklik, məktəbdə dərs buraxmaları müşahidə olunur. Dərslərə həvəs azalır, yalançılıq artır, heç bir aydınlıq gətirmədən evdən pul tələbləri artır. Son günlər sosial şəbəkələrdə Azərbaycan məktəblərində narkoloji yoxlamaya ehtiyac olması ilə bağlı iddialar yayılıb. Yoxlanışın 8,9,10,11-ci sinif şagirdləri arasında aparılması təklif olunur.
Əvvəllər ümumtəhsil müəssisələrinin şagirdləri ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici tədbirlər keçirilərdi. Görüşlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, məktəbliləri belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət idi. Doğrudur, indi bu mövzuda telekanallarda reklam çarxları var, amma bu cür təmaslar sanki arxa plana keçib. Qeyd edək ki, Rusiyada müəllimlər ildə iki dəfə testdən keçir. Rusiya Federasiyasının qanunvericiliyində yazılıb ki, psixiatr və psixiatr-narkoloq rəyi olmadan şəxs işə götürülə bilməz, həmçinin altı aydan sonra yeni bir rəy olmadan işçi işdə qala bilməz.
Həqiqətən də, Azərbaycan məktəblərində belə yoxlamaya ehtiyac var?

Malvina Amirova
AĞ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova deyib ki, məktəblərdə narkomaniyaya qarşı testlər və maarifləndirmə tədbirləri mütləq olmalıdır: “Mən bu məsələni həm çıxışlarımda, həm də yazılarımda dəfələrlə vurğulamışam, məktəblərdə narkoloji testlər keçirilməlidir, təkcə şagirdlər üçün yox, həm də müəllimlər üçün. Xüsusilə 9, 10 və 11-ci sinif şagirdləri arasında bu testlər mütləq şəkildə həyata keçirilməlidir. Niyə? Çünki bu yaş mərhələsi risk baxımından ən təhlükəlisidir. Uşaqlar, yeniyetmələr bu dövrdə narkomaniyaya meylli ola bilirlər. Onları yoldan çıxartmaq daha asan olur”.
Ekspertin sözlərinə görə, testlərlə yanaşı, maarifləndirici tədbirlər də keçirilməlidir: “Təkcə məktəb daxilində yox, məktəbdənkənar səviyyədə də. Eyni zamanda məktəblərdə psixoloqlar, psixoterapevtlər mütləq şəkildə fəaliyyət göstərməlidirlər. Amma təəssüf ki, ölkəmizdə psixoloq anlayışı çox zəifdir, bu sahəyə yetərincə əhəmiyyət verilmir. Nəticədə belə problemlər daha da geniş yayılır. Digər ölkələrdə bu məsələlərə çox ciddi yanaşılır. Bizdə isə nə olsun ki, bəzi videolar çəkilir, ara-sıra verilişlər olur, amma sistemli televiziya proqramları, ardıcıl maarifləndirici tədbirlər, ciddi layihələr yoxdur. Bu səbəbdən bizim uşaqları yoldan çıxartmaq, yanlış istiqamətə yönəltmək daha asan olur. Bir daha vurğulayıram, məktəblərdə psixoloqlar aktiv fəaliyyət göstərməlidirlər, uşaqlarla işləməlidirlər. Psixoloji dəstək olmadan bu problemlə mübarizə aparmaq çox çətindir. Narkoloji testlər isə vaxtaşırı keçirilməlidir. Mən təklif edərdim ki, şagirdlər üçün bu testlər üç aydan bir, müəllimlər üçün isə altı aydan bir həyata keçirilsin. Altı ay şaqirdlər üçün bir qədər uzun müddətdir, bu sahədə daha tez-tez yoxlamalar aparılsa daha yaxşı nəticələr əldə olunar. Rusiyada və bir çox digər ölkələrdə bu problemə ciddi yanaşılır. Çünki bu, sadəcə, bir fərdin yox, bütöv cəmiyyətin gələcəyi üçün təhlükədir”.

Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran ən ciddi problemlərdən biri və bəlkə də ən təhlükəlisi narkomaniyadır: “Bu problem təkcə fərdi sağlamlıqla bağlı deyil, bütöv bir nəslin gələcəyi, milli təhlükəsizlik və sosial sabitlik məsələsidir. Yeniyetmələr, yəni cəmiyyətin ən həssas və asan təsirə məruz qalan təbəqəsi narkotik bataqlığına daha tez sürüklənirlər. Təəssüf ki, artıq sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin əldə olunması daha rahat, daha gizli və daha “cazibəli” şəkildə həyata keçirilir. Sosial media platformalarında belə narkotik vasitələrin reklamı halları olur. “Çörək qədər asan tapılır” ifadəsi bir zamanlar zarafat kimi səslənsə də, bu gün acı bir reallıqdır. Yeniyetmələrin həyat ritmindəki dəyişikliklər, dərsə marağın azalması, davranışda aqressiya, yalan danışmaq, valideynlərdən səbəbsiz pul istəkləri və evdən gizli gediş-gəlişlər hamısı bu bataqlığın ilk əlamətləridir”.
Natiq Ələsgərov “bu kontekstdə Azərbaycan məktəblərində narkoloji testin tətbiqi zəruri görünürmü” sualına belə cavab verib: “Bəli, zəruridir. Əgər biz bu gənclərin həyatda düzgün yol seçməsini, sağlam və vətəndaş cəmiyyətinə yararlı fərdlərə çevrilməsini istəyiriksə, profilaktik tədbirləri, sadəcə, videoçarx və bukletlərlə bitirməməliyik. Maarifləndirmə vacibdir, amma yalnız sözlə deyil, faktiki addımlarla müşayiət olunmalıdır. Şagirdlər arasında, xüsusilə də 8-11-ci siniflərdə mütəmadi olaraq narkoloji testlərin aparılması həm valideynlər, həm müəllimlər, həm də təhsil sistemi üçün bir siqnal mexanizmi kimi çıxış edə bilər”.
Natiq Ələsgərov əks-arqumentləri əsaslı saymır: “Bəzi valideynlər və hüquq müdafiəçiləri bu testləri uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyi, onlarda etimadsızlıq və qorxu yaradacaq tədbir kimi qələmə verə bilər. Həmçinin bu testlərin məcburi yox, könüllü olub-olmaması da mübahisə mövzusudur. Məxfiliyin qorunması məsələsi də vacibdir. Çünki bir yeniyetmənin adı “narkoman” damğası ilə hallansa, bu, onun həyatını məhv edə bilər. Hər bir halda çıxış yolu var. Valideyn razılığı ilə və məxfi şəkildə testlərin aparılması mümkündür. Geniş maarifləndirmə ilə müşayiət olunaraq könüllülük əsasında faktiki iştirakçılığa çevrilməlidir. Test nəticələrinin hüquqi və ictimai nəticələrə səbəb olmaması da gözlənməlidir. Burada məqsəd cəzalandırmaq yox, yardım etməkdir”.
Natiq Ələsgərov qeyd edib ki, Rusiyada müəllimlər ildə iki dəfə narkoloji testdən keçir: “Bu, onların şagirdlərlə davamlı ünsiyyətdə olmaları və nümunəvi davranış nümayiş etdirmələri üçün vacibdir. Eyni yanaşma şagirdlərə də tətbiq edilə bilər. İsveçdə, Norveçdə və bəzi Avropa ölkələrində məktəblərdə yoxlamalar əsasən məktəb mühitinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Əgər bu gün biz narkotik bəlasının məktəblərə qədər düşməsini görürüksə və susuruqsa, sabah bu susqunluğun bədəlini bütün cəmiyyət ödəyəcək. Hər bir valideyn, hər bir müəllim və dövlət qurumu bu məsələni prioritet kimi görməlidir. Narkoloji testlər nəzarət və maarifləndirmənin bir forması kimi ortaya qoyulmalıdır. Bu, artıq zərurətdir, səthi yanaşanda azadlığa müdaxilə kimi səslənə bilər. Amma daha dərindən baxsaq, bu tədbir cəmiyyətin öz gələcəyini müdafiə etməsi yönündə atdığı çox ciddi bir addımdır. Əgər bir yeniyetmə narkotik bataqlığına sürüklənibsə, biz onu oradan yalnız statistik rəqəmlərlə yox, real tədbirlərlə çıxara bilərik. Narkoloji testlər bu tədbirlərin başlanğıcı ola bilər. Bir daha xüsusi olaraq vurğulayıram ki, burada məqsəd cəzalandırmaq deyil, gələcəyimizi narkotik bəlasından yolun lap başlanğıcından xilas edib doğru yola yönləndirməkdir”.